...

Qobustan həbsxanasında cəza çəkənlər aclığa başlayacaqlarını bəyan ediblər

Cəmiyyət Materials 4 Oktyabr 2007 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Qobustan həbsxanasında cəza çəkən "ömürlüklər" saxlanma şəraitinə etiraz olaraq aclıq aksiyasına başlayacaqlarını bəyan ediblər. Bu barədə Trend ə cümə axşamı Ömürlük həbs cəzası çəkən məhkum yaxınlarının Komitəsindən məlumat verilib. Komitədən bildirilib ki, bir qrup məhkumun təşkilata ünvanladıqları məktubda həbsxanada ölüm cəzası ömürlük azadlıqdan məhrum edilmiş məhkumlara qarşı təzyiq və işgəncələrin artdığı qeyd olunub. Məhkumlar yazır ki, həbsxanadakı qanunsuzluqlarla bağlı məhkumların kütləvi etiraz məktubundan sonra təzyiq və işgəncələr intensivləşib: "Həbsxananın əməkdaşı, mayor Tahir Quliyev məhkumları döyür, təhqir edir, onlara işgəncə verir, karsa salır. Hətta təsərrüfatda çalışan məhkumlara da işgəncə verilir".

Valideynlərin sözlərinə görə, ömürlük azadlıqdan məhrum edilmiş məhkumlara işgəncə verilməsi faktları, saxlanma şəraiti ilə bağlı prezidentə, Baş Prokurorluğa müraciət ediblər. Bu müraciətdən sonra Qaradağ rayon Prokurorluğunun müstəntiqi həmin məhkumlardan müvafiq izahatlar da alıb.

Məhkumlar Komitə üzvləri ilə görüş tələb edirlər. Komitədən bildirilib ki, məktubda qeyd olunan məsələlərin araşdırılması və onlara məhkumların bir neçəsi ilə görüşə icazə verilməsi üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Nazim Ələkbərova müraciət olunub.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Mehman Sadıqov Trend ə açıqlamasında məhkumlara işgəncə verilməsi ilə bağlı məlumatları təkzib edib. O qeyd edib ki, kamera şəraitində saxlanılan məhkumlara hansısa təzyiq və işgəncələrin verilməsində heç kim maraqlı deyil.

Təsərrüfat işlərində çalışan məhkumların döyülməsi məsələsinə gəlincə isə Sadıqov bildirib ki, məhkumlar bu qəbildən olan məhkum yoldaşlarını müəssisə müdiriyyətinin "adamları" kimi qəbul edirlər: "Belə olan halda müəssisə rəhbərliyinin həmin məhkumlara təzyiq göstərməsi, işgəncə verməsi məntisiz görünür".

İdarə rəisi məhkumların saxlanma və rejim qaydalarını pozduqları halda " kars"a salındıqlarını və qanunvericiliyin buna icazə verdiyini vurğulayıb.

Komitə üzvlərinin müraciəti araşdırılacaq və onlara rəsmi cavab veriləcək.

Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş 84 məhkum cəza çəkir. Ölüm cəzasının ləğvindən sonra belə məhkumların sayı 128 nəfər olub.

Məhkumlar hesab edir ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra cəzaları ömürlüklə deyil, o zaman Cinayət Məcəlləsində ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməlidir.

İnsan Haqları üzrə Avropa Məhkəməsinin Əlikram Hümbətovun şikayəti ilə

bağlı qərarında qeyd olunub ki, ölümə məhkum olunmuşların cəzalarının ömürlüklə əvəzlənməsi Avropa Konvensiyasının müddəalarına uyğundur. Avropa Məhkəməsi burada bir neçə məqama diqqət yetirib. Qeyd olunub ki, ömürlük azadlıqdan məhrumetmə cəzası bütün hallarda ölüm cəzasından yüngüldür. Bu, ağır cəza kimi qəbul edilə bilməz.

Xəbər lenti

Xəbər lenti