...

Millət vəkili: "Alternativ xidmət haqqında" Qanunun qəbulu ordudan kütləvi yayınmalara səbəb olmayacaq (video)

Cəmiyyət Materials 6 Oktyabr 2007 13:38 (UTC +04:00)
Millət vəkili: "Alternativ xidmət haqqında" Qanunun qəbulu ordudan kütləvi yayınmalara səbəb olmayacaq (video)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ "Alternativ xidmət haqqında" Qanunun qəbulu ordudan kütləvi yayınmalara səbəb olmayacaq. Bu bəyanatla şənbə günü jurnalistlərə müsahibə verən millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komissiyasının sədri Əli Hüseynov çıxış edib.

Millət vəkili bildirib ki, cəmiyyətdə bu qanunla bağlı formalaşmış fikirlərin heç bir əsası yoxdur: "Bəziləri bu fikirdədir ki, qanunun qəbulu gənclərin ordudan yayınmasına səbəb olacaq, orduya çağırışla bağlı problemlər yaradacaq".

Hüseynov alternativ xidmət tətbiq olunan ölkələrin güclü orduya malik olduğunu vurğulayıb.

Onun fikrincə, alternativ xidmətin mahiyyəti bir qədər dərindən öyrənilməli, qanun ictimai müzakirəyə çıxarılmalıdır: "Qanun QHT-lərin, hərbi mütəxəssislərin, hüquqşünasların və ictimaiyyətin müzakirəsindən keçsə, cəmiyyət üçün faydalı olar. Bu qanun cəmiyyətdə birmənalı qəbul olunmur. Vicdan azadlığı hüququnun anlayışını, mahiyyətini bilmədən, emosiyalara söykənib müəyyən səhv fikirlər söyləyirlər".

Azərbaycan "Alternativ xudmət haqqında" Qanunun qəbulu ilə bağlı 2001-ci ildə Avropa Şurası qarşısında öhdəlik götürüb. Öhdəliyin icrası ilə bağlı müddət başa çatıb.

Xəbər lenti

Xəbər lenti