...

Millət vəkili: "Ömürlük həbsin 15 illə əvəzlənməsi qeyri-mümkündür" (video)

Cəmiyyət Materials 6 Oktyabr 2007 14:56 (UTC +04:00)
Millət vəkili: "Ömürlük həbsin 15 illə əvəzlənməsi qeyri-mümkündür" (video)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş məhkumların cəzalarının 15 ilə endirilməsi ilə bağlı qaldırdığı tələbin heç bir hüquqi əsası yoxdur. Bunu şənbə günü jurnalistlərə müsahibəsində millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədri Əli Hüseynov bildirib.

Məhkumlar hesab edir ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra cəzaları ömürlüklə deyil, o zaman Cinayət Məcəlləsində ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməlidir.

Millət vəkili bildirib ki, bəzi şəxslər məhkumlarda bu barədə yanlış fikir formalaşdırıblar: "Guya 1998-ci ildə qəbul olunmuş qanuna görə, barəsində ölüm cəzası çıxarılmış şəxslərin cəzası ömürlük azadlıqdan məhrumetmə ilə yox, 15 il azadlıqdan məhrumetmə ilə əvəz olunmalıdır. Avropa Insan Haqları Məhkəməsinin Əlikram Hümbətovun işi ilə bağlı qərarında bu sualların cavabı verilib. Ona görə də burada heç bir hüquqi əsas yoxdur".

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda ölüm cəzası ömürlük həbslə əvəzlənib. Hüseynov qeyd edir ki, ölüm cəzası ömürlük həbslə əvəzlənmiş məhkumların fərdi qaydada məhkəmələrə müraciət etmək hüququ var: "Onlar eyni zamanda cəzalarının yüngülləşdirilməsi ilə bağlı prezident yanında Əfv Komissiyasına da fərdi qaydada müraciət edə bilərlər. Belə müraciətlər olur və bəzən də təmin olunur".

Hüseynov 1998-ci ildə qəbul edilmiş qanunun dəyişdirilməsini, ömürlük həbsin 15 illə əvəzlənməsini qeyri-mümkün sayır: "Bu fikrin sahibləri bəzən bizə Dağlıq Qarabağ, Ermənistandan nümunələr gətirirlər. Bunlar isə yolverilməzdi. Bu məhkumlara ağlasığmaz, heç bir hüquqi əsası olmayan ideyalar verib qıcıqlandırmaq düzgün deyil".

Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş 84 məhkum cəza çəkir. Ölüm cəzasının ləğvindən sonra belə məhkumların sayı 128 nəfər olub.

İnsan Haqları üzrə Avropa Məhkəməsinin Əlikram Hümbətovun şikayəti ilə

bağlı qərarında qeyd olunub ki, ölümə məhkum olunmuşların cəzalarının ömürlüklə əvəzlənməsi Avropa Konvensiyasının müddəalarına uyğundur. Avropa Məhkəməsi burada bir neçə məqama diqqət yetirib. Qeyd olunub ki, ömürlük azadlıqdan məhrumetmə cəzası bütün hallarda ölüm cəzasından yüngüldür. Bu, ağır cəza kimi qəbul edilə bilməz.

Xəbər lenti

Xəbər lenti