Azərbaycan, Bakı, 8 oktyabr /müx. TrendLife Vüqar Vüqarlı/
"Azəri star Production" "Azəri star+" adlı yeni layihəyə start verir. Bu barədə qərarı layihənin Təşkilat Komitəsi verib. Qərara əsasən, 4 il musiqi yarışması təşkil edib gənc istedadları üzə çıxaran "Azəri star" bu dəfə gənc müğənnilər arasında müsabiqə keçirəcək. Belə ki, indiyədək "Azəri star" müsabiqəsində iştirak etmiş gənclər arasından 17 nəfər seçilib və onlar yeni layihəyə cəlb olunub. Bu barədə məlumat verən layihə rəhbəri Kemal Cenk İçtenin sözlərinə görə, "Azəri star+" müsabiqəsinə ifaçılar müsabiqə iştirakçısı kimi deyil, gənc müğənnilər kimi qatılacaqlar və onların çıxışı tamaşaçı səsi ilə qiymətləndiriləcək. Bu səbəbdən də, yarışmanın münsiflər heyəti olmayacaq. Oktyabrın 15-dən start götürəcək müsabiqə həftədə iki dəfə Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək və "Space" kanalında bazar ertəsi saat 21:00-da və çərşənbə günü saat 22:00-da canlı yayımlanacaq. Həftənin cümə axşamı, cümə, şənbə və bazar günləri isə saat 18:00-dan 18:30-dək "Azəri star+ gündəliyi" adlı yarım saatlıq proqram efirə gedəcək. Artıq yarışmanın aparıcıları da bəllidir- Əkbər Əlizadə və Lətafət Cəfərova.
İçtenin sözlərinə görə, bazar ertəsi gənc müğənnilər mahnı ifa edəcəklər, çərşənbə günü isə bir nəfər topladığı səsə uyğun olaraq, yarışmanı tərk edəcək. Layihə rəhbəri deyir ki, müğənnilər mahnı seçimində sərbəstdirlər və müxtəlif janrlarda canlı mahnı ifa edəcəklər. Həmçinin, əvvəlki layihədən fərqli olaraq, bu dəfə onların müəllimləri də olmayacaq. Ümumilikdə yarışma 14-15 həftə davam edəcək. Layihə iştirakçıları ilə görüş keçirildiyini deyən Kemal Cenk İçten onu da bildirdi ki, artıq yeni dekorasiya da hazırdır. Hər kəsi R.Behbudov adına Mahnı Teatrına dəvət edən layihə rəhbəri sonda onu da vurğuladı ki, yalnız "Azercell" və "Sim-Sim" abunəçiləri gənc müğənnilərə səs verə bilərlər.
İndi isə yarışmaya qatılan gənc müğənnilərlə tanış olaq:
Aygün Sükürova (SMS nömrəsi: 6571)
Ramil Bağırov (6572)
Pərviz Abdullayev (6573)
Zarina Məmmədova (6574)
Vüsalə Seyidova (6575)
Ülviyyə Tağıyeva (6576)
Cavid Qafarov (6578)
Həmidə Hüseynova (6579)
Elmir Qəhrəmanov (6581)
Vüsalə Həsənova (6582)
Vüqar Namazov (6583),
Yeganə Dünyamalıyeva (6584)
Sənan Əliyev (6585)
İlahə Cəfərova (6586)
Vaqif Şıxəliyev (6587)
Şəbnəm Rəsulova (6588)
Layihə rəhbəri bütün media nümayəndələrini oktyabrın 15-də Rəşid Behbudov adına Mahnı Teatrında dəvət edir.