...

Xanəndə Sabir Mirzəyev:"Aygün, Röya evimizin çağrılmamış qonaqlarıdır"

Cəmiyyət Materials 11 Oktyabr 2007 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr /müx. TrendLife Günel Əhmədova/

Sabir Mirzəyev laçın vaxtlarında Çahargahı necə havalandırmışdısa, Seyid Şuşinski bircə kəlmə söyləmişdi:"Sabir, sənin bu Çahargahın tor atacaq". Elə o vaxtdan bu yana gənc xanəndə hamının dilində Çahargah Sabir kimi qalıb. Qəribə də görünsə, indiyə qədər nə əməkdar, nə də xalq artisti adına layiq görülməyib. Amma xalq tərəfindən titulunu çoxdan alıb. Hədənsə, heç söhbətləşmək ovqatında deyildi. Razılığını güclə ala bildik.

-Çoxları elə bilir ki, xalq artistiyəm, amma məni hələ heç əməkdar artist tituluna da layiq bilməyiblər. Süleyman Abdullayev ahıl yaşında, nəhayət, yada düşdü. Nazim Ağayev və daha bir neçə ustad xanənədə var ki, hələ də mənim kimi yol gözləyirlər. Bir vaxt Filarmoniyanının səhnəsini lərzəyə gətirən bizlər, indi yaman yaddan çıxmışıq. Biz özümüzü gözə soxan olmamışıq. Mən demirəm Azərbaycanda beş oxuyan varsa, onun birincisi mənəm. Hansısa nazirə necə deyim ki, Sabir Mirzəyevəm, gəlmişəm, mənə ad verin. Məgər Polad Bülbüloğlu məni tanımırdı, yaxud, Əbülfəs Qarayevin mənim kimi xanəndənin mövcudluğundan xəbəri yoxdur? Bir də ki, mən xalq tərəfindən bütün titullara çoxdan layiq görülmüşəm. "Çahargah Sabir" deyəndə hamı bilir ki, söhbət kimdən gedir.

-Heç telekanallarda da görünmürsünüz...

- Çağırdılar mən də getmədim?. Sağ olsun, Arif Alışanovu, musiqili verlişlər redaksiyasının rəhbərinə tapşırdı ki, Sabir Mirzəyevin təzə muğamlarını lentə alın. Amma digər kanalların, yubileyimdə də yadlarına düşmədim. Bir də ki, Röyanı, Rəqsanəni, Qafarzadəni qoyub,məni efirə kimdir çağıran?.

-Adını çəkdiyiniz ifaçıların ifasını bəyənirsiniz?

-Zamanın nəbzini tutub oxuyurlar. Bir babat, Röyanın ifasını bəyənirəm. Rəqsanənin, Qafarzadənin də özünə görə publikası var. Amma onlar sənət üçün böyük işlər görmürlər. Mübahisələri sənət deyil, şəxsi işləri üstündə düşür. Telekanalların da günahı az deyil. Əgər onların şəxsi həyatları müzakirəyə çıxarılmasa, yalnız sənətdən danışarlar. Bir dəfə ağır avtomobil qəzasına düşdüm, tele-kanallar bu barədə də danışmadı. Çünki onlar üçün Sabir Mirzəyev maraqlı obyekt deyil.

-Yəqin, avtomobiliniz bahalı olmayıb.

-Yox, bahalı idi. Amma özüm onlar üçün bahalı olmamışam. Sağlığınıza, bir neçə marka avtomobilim var. Amma bahalı maşın sürə bilmirəm. Mütləq nəsə baş verir. Köhnədən "Qaz-24"üm var. Onu idarə edirəm.

-Sabir Mirzəyevi danışdırmasan, danışmır. Niyə bəzi sənətkarlara qoşulub, lazım olanda sözünüzü demirsiniz?

-Habil Əliyevin sözünü hərə bir cür yozdu. Kamançanı yerə qoyandan sonra hər tərəfdən konsert təklifi gəldi. Sənətkarı qiymətləndirmək üçün öncə onu yıxmaq lazım deyil. Vaxtilə çox dedim ki, göbəyiaçıq qızları efirdən yığışdırın. Mənim acığıma, onların sayı daha da artdı. Ona görə də danışmaq istəmirəm.

-Musiqidəki bir nömrəlilərə necə baxırsınız?

-Adamı əsəbiləşdirən də elə bu cür söhbətlərdir. Bizim vaxtımızda belə söhbətlər nə gəzirdi?! Hamı bilirdi ki, Xan əmi bir nömrədi. Amma bunu özü bir dəfə də olsun dilə gətirmirdi. Bizim nömrəmiz adımız idi. Söhbət fırlanıb gəlir yenə ad mövzusuna. Xan əmidən başqa bizim dövrümüzdə xalq artisti adı alan yox idi. Zaman keçdi və Şövkət Ələkbərova, Sara Qədimova ad aldılar. Qulu Əsgərov, Yaqub Məmmədovun bal kimi səsi olub. Amma fəxri adı layiq olduğu dövrdə alıb. Amma indi dəyərlər korlanıb. Gənc alır, yaşlı sənətkar isə, bax-baxa qalır. Heç hörmətimizi də gözləmirlər. Seyid, Xan Şuşinski gələndə partaların dalında gizlənirdik. Amma indiki gənclər gözümüzün qarşısında min əməldən çıxırlar.

-Xanəndələr arasında mübahisələr düşmür?

-Niyə, olur! Amma biz bunu əldə bayraq etmirik. İndiki müğənnilər xəstəliklərini də efirə çıxarmaqda maraqlıdırlar. Məlum hadisələr dövründə hər şey dayandı, sənətkarların çoxu ölkədən getdi, bir qismi dünyasını dəyişdi. Amma birdən meydana, göbələk kimi, səsi olmayan cavanlar çıxmağa başladı. Meydandakı boşluq onlar üçün əsl fürsət idi ki, yaranmışdı. İndi televizoru hansı saatda işə salırsan, ya Aygündən danışırlar, ya Röyadan ya da başqa ulduzdan. Eyni simalar hər gün evimizin çağırılmamış qonaqlarıdırlar. Ona görə də vaxtımı səmərəli keçirmək üçün səfalı yerlərə gedirəm. Özümü ,bacardığım qədər, bu kimi problemlərdən təcrid edirəm.

Xəbər lenti

Xəbər lenti