...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ Dövlət Departamentinin Azərbaycana aid hissəsində göstərilən faktlarla razılaşmır

Cəmiyyət Materials 16 Oktyabr 2007 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosunun Beynəlxalq dini azadlıqla bağlı hesabatının Azərbaycana aid hissəsində göstərilən faktlarla razılaşmır, Trend ə çərşənbə axşamı komitənin mətbuat xidmətindən məlumat verilib.

Bununla bağlı komitənin hazırladığı rəydə bildirilir ki, bir çox hallarda hesabatda kifayət qədər dəqiqləşdirilməmiş məlumatlar yer alıb.

"Bu qurumun hesabatlarının Azərbaycana aid hissəsi kifayət qədər etibarlı olmayan mənbələrdən götürülüb, dəqiqləşdirilməmiş və müvafiq qaydada yoxlanılmamış məlumatlar əsasında hazırlanıb. Hesabatda Azərbaycanda dini durumun obyektiv təhlilinə kifayət qədər yer verilməyib"- komitənin rəyində qeyd olunub.

ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosunun Beynəlxalq dini azadlıqla bağlı hesabatında göstərilib ki, Azərbaycanda bəzi dini qurumlar, o cümlədən də Əliabad və Neftçala dini icmaları qeydiyyata alınmır. Eyni zamanda, xristianlığı qəbul edən azərbaycanlılara qarşı mənfi münasibət nümayiş etdirilir, yaxud xristianlığı qəbul etmiş valideynlərin doğulmuş uşaqlarına xristian mənşəli adlar qoyulduğu üçün, həmin uşaqlara doğum haqqında şəhadətnamələr verilmir.

Komitədən bildiriblər ki, Əliabad xristian-baptist dini icması tərəfindən, qeydiyyatla bağlı, Dövlət Komitəsinə heç bir müraciət daxil olmayıb. Neftçala şəhəri xristian-baptist dini icmasının yenidən qeydiyyatla bağlı müraciəti olsa da, icmanın təsis sənədləri qanunvericiliyin tələblərinə uyğun hazırlanmadığına görə, Dövlət Komitəsi sədrinin sərəncamı ilə, onun dövlət qeydiyyatına alınmasından imtina edilib. Əgər hansısa bir dini qurum qeydiyyatdan keçməyibsə, bunun qanuni əsasları olub və belə problemlər Dövlət Komitəsi ilə deyil, dini qurumların özləri ilə bağlıdır. Komitədən onu da deyiblər ki, xristianlığı qəbul edən azərbaycanlılara qarşı mənfi münasibətlə bağlı bu günə qədər nə məhkəmə instansiyalarına, nə də başqa müvafiq dövlət orqanlarına rəsmi şikayətlər daxil olmayıb.

Xəbər lenti

Xəbər lenti