...

Avropa Məhkəməsi mülkiyyət hüququnun pozuntusu ilə bağlı Azərbaycana qarşı qərar çıxarıb

Cəmiyyət Materials 17 Oktyabr 2007 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ İnsan haqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququnun pozuntusu ilə bağlı Azərbaycana qarşı qərar çıxarıb.

Şikayətçi Valentina Akimova İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunda mülkiyyətin müdafiəsi (Maddə 1) hüququnun pozulduğunu iddia edir. Akimovaya məxsus mənzildə məcburi köçkün ailəsi məskunlaşdığı üçün o, mülkiyyətindən uzun müddətdir ki, istifadə edə bilmir. Akimova mülkiyyət hüququnun bərpası ilə bağlı ölkədaxili məhkəmə instansiyalarına müraciət edib. Apellyasiya Məhkəməsi Akimovanın mülkiyyət hüququnu tanıyıb. Lakin Akimovanın evində məskunlaşmış məcburi köçkün ailəsinin həmin mənzildən çıxarılması barədə qərarın icrası Ağdam rayonu işğaldan azad olunanadək təxirə salınıb.

Azərbaycan dövlətinin Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov çərşənbə günü Trend ə bildirib ki, Avropa Məhkəməsinin bu işlə bağlı çıxardığı qərarında, yol verilmiş məhkəmə səhvinin aradan qaldırılması tövsiyə olunur.

Əsgərov bildirib ki, bir qayda olaraq Azərbaycan məhkəmələri məcburi köçkünlərin məskunlaşdıqları mənzillərdən çıxarılması barədə qərar qəbul edir. Lakin həmin qərarların icrası Ermənistan Silahlı Qüvvələrinin işgalı altında olan rayonlar işğaldan azad olunanadək təxirə salınır. "Məhkəmələr tərəfindən qərarların icrasının dayandırılması, mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı Azərbaycan qanunvericiliyində belə bir hüquqi əsas yoxdur".

Dövlətin səlahiyyətli nümayəndəsinin sözlərinə görə, Akimovanın şikayəti üzrə çıxarılan qərarın icrası məqsədilə, Ali Məhkəmə Apellyasiya Məhkəməsinin 7 aprel 2005-ci il tarixli qərarını ləğv etməli və bundan sonra, məcburi köçkün ailəsinin Akimovanın mənzilindən çıxarılması təmin olunmalıdır.

Əsgərov qeyd edib ki, məcburi köçkünlər tərəfindən ayrı-ayrı vətəndaşların mənzillərinin tutulması halları çoxdur. Avropa Məhkəməsinin Akimovanın işi ilə bağlı çıxardığı qərar gələcəkdə Azərbaycan məhkəmələri tərəfindən president kimi tətbiq ediləcək. "Artıq qərar çıxarılmış işlərə Azərbaycan qanunvericiliyində belə bir mexanizm olmadığı üçün, Avropa Məhkəməsinin bu qərarı tətbiq oluna bilməz. Əgər gələcəkdə Avropa Məhkəməsinə bu məzmunda şikayətlər göndərilərsə, Avropa Məhkəməsinin konkret şikayətlərlə bağlı çıxaracağı qərarlardan sonra, baş vermiş pozuntuların aradan qaldırılması mümkündür"-deyə Əsgərov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti