...

Siyasi məhbuslar üzrə qrup həbsdə olan azərbaycanlı jurnalistləri əfv olunmaq üçün ərizə yazmağa çağırır

Cəmiyyət Materials 4 Dekabr 2007 17:07 (UTC +04:00)
Siyasi məhbuslar üzrə qrup həbsdə olan azərbaycanlı jurnalistləri əfv olunmaq üçün ərizə yazmağa çağırır

Azərbaycan, Bakı Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda siyasi məhbusların məsələsi üzrə hökumət rəsmiləri, deputatlar və hüquq müdafiəçilərindən ibarət İşçi qrup həbsdə olan jurnalistləri əfv olunmaq üçün prezidentin adına əfv ərizəsi yazmağa çağırır. Bu barədə İşçi qrupun çərşənbə axşamı keçirilən iclasında bildirilib. Bu barədə Trend ə İşçi qrupun üzvü, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Novella Cəfəroğlu məlumat verib.

"Hökumət nümayəndələri bildirdilər ki, həbsdə olan jurnalistlərdən yalnız iki nəfəri -- "Sənət qəzeti"nin baş redaktoru Samir Sədaqətoğlu və yazıçı-publisist Rafiq Tağı əfv olunmaq üçün ərizə yazıb. Onlar qeyd etdilər ki, jurnalistlərin əfv olunması üçün prezidentin adına ərizə yazmalıdırlar. Jurnalistlər olmasa da, onların ailə üzvləri ərizə yazsınlar", -deyə Cəfəroğlu əlavə edib.

Cəfəroğlu qeyd edib ki, iclasda siyasi məhbuslar, həbsdə olan jurnalistlər, xəstə məhbuslar məsələsi müzakirə olunub. Hüquq müdafiəçiləri siyasi məhbus hesab etdikləri 51 məhbusun siyahısını müzakirəyə təqdim ediblər. Lakin İşçi qrupun hökuməti təmsil edən üzvləri və deputatlar ölkədə siyasi məhbusun olmadığını bildiriblər: "Amma onu da dedilər ki, hökumət bu problemin həlli üçün hüquq müdafiəçiləri ilə əməkdaşlıq etmək istəyir".

Onun sözlərinə görə, hökumət nümayəndələri bildiriblər ki, "Nota bene" qəzetinin həbsdə olan əməkdaşı, xəstəlikdən əziyyət çəkən Fərəməz Novruzoğlu bir həftə ərzində 4 saylı şəhər xəstəxanasında əməliyyat olunacaq.

"İclasda bildirildi ki, dekabrın sonunadək prezident tərəfindən əfv fərmanı imzalanacaq", -deyə hüquq müdafiəçisi əlavə edib.

Bundan başqa, İşçi qrupun ayda bir dəfə iclas keçirməsi barədə qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti