...

Ədalət Şükürovu Kubaya aparan səbəb nədir?

Cəmiyyət Materials 7 Dekabr 2007 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /müx. TrendLife Günel Əhmədova/

Xəbər verdiyimiz kimi, əməkdar artist Ədalət Şükürov mahnılarından birinə Kubada klip çəkdirməyə qərar verib. TrendLife müğənnini ölkədən uzağa aparan səbəbi öyrənib sizin də diqqətinizə çatdırır. Kubanın adət-ənənəsinə çoxdan bələd olduğunu söyləyən müğənni bunu yaradıcılıq işinə köçürmək niyyətindədir. Azərbaycandan sonra yalnız Kubanın ənənələri ilə yaxından tanış olan Ədalət Şükürov ona heyranlığını gizlədə bilmədiyini etiraf etdi.

Kubalıların milli rəqsləri isə əməkdar artisti valeh edib. Elə bu niyyətlə də o, gizlində qalan arzusunu gerçəkləşdirməyə qərar verib.

Öyrəndik ki, yanvarın son günləri o, çəkiliş qrupunu başına toplayıb, ölkəni tərk edəcək. Amma klip çəkilişləri tezliklə yox, səfərdən bir neçə gün sonra reallaşacaq ki, bunun da öz səbəbləri var: "Əvvəla qeyd edim ki, çəkilişləri yanvara keçirməyim iş qrafiki ilə bağlıdır. Eyni zamanda həmin tarixdə müqəddəs Məhərrəmlik ayı girir və çıxışlarımızda müəyyən fasilələr yaranacaq. Bundan əlavə, Manananın toy mərasiminə dəvət alan yaxın dostlardan biri olaraq klipi arxa plana keçirdim. Bildiyiniz kimi, toyun bir hissəsi yanvarın 8-i burada, 26-sı isə Gürcüstanda keçiriləcək. Manana yaxın sənət dostlarından bir neçəsini Gürcüstana dəvət edib, onların sırasında mən də varam. Toydan sonra ola bilsin birbaşa Kubaya yola düşdüm. Onu da diqqətinizə çatdırım ki, həmişə olduğu kimi növbəti klipimə də özüm rejissorluq edəcəm".

Müğənni əlavə etdi ki, çəkilişlər Kubaya çatan kimi başlamayacaq. Əvvəlcə yaradıcı qrupla şəhəri gəzməyi düşünən Ədalət bunu 3 və ya 4 gün davam etdirəcək və bunun nəticəsi olaraq çəkilişlər üçün maraqlı məkanlar seçiləcək. Klipdən söz düşmüşkən, qeyd edək ki, bu gündən etibarən Ədalətin "Qaranquş" (musiqisi Murad Süleymanov, sözləri Anar Məmmədovundur) adlı mahnısının ekran versiyası tamaşaçılara təqdim olunacaq.

Telekanalların Yeni ilə həsr olunan bayram çəkilişlərində yeni mahnıları ilə iştirak edəcək əməkdar artistdən artıq duet mahnıları yazdırmamağının səbəbini soruşduq və o, cavabında bildirdi: "Artıq duet yazdırmaq istəmirəm. Bu ənənəyə son qoymuşam. Ümumiyyətlə, yaxın aylar üçün bu barədə düşünmək istəmirəm".

Xəbər lenti

Xəbər lenti