...

Azərbaycanda peşəkar hüquqşünaslarla bağlı böhran yaşanır -ekspert

Cəmiyyət Materials 4 Fevral 2008 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Hüquq-mühafizə orqanlarına, hakimliyə, vəkilliyə işə qəbul üçün sənəd verən hüquqşünasların çox az qismi müsabiqədə müvəffəqiyyət qazanaraq vakant vəzifələrə qəbul olunub. Bu isə dövlət orqanlarında peşəkar hüquqşünas kadrların çatışmazlığı problemini yaradıb.

Bir neçə gün öncə peşəkar notariat fəaliyyəti ilə məşğul olmaq üçün elan olunan müsabiqənin nəticələri açıqlanıb.

Müsabiqənin nəticələrinə görə, notarius olmaq üçün imtahan vermiş 336 namizəddən 22-si mümkün nəticəni göstərərək müsahibədə iştirak edib. Onlardan yalnız 5-i notarius yanında 6 aylıq təcrübəyə buraxılıb.

Respublikada 149 notarius ştatı mövcuddur. Qanun özəl notariusların fəaliyyətinə icazə verdiyindən ölkədə notariusların sayının 158-ə çatdırılması nəzərdə tutulur.

Bu vəziyyət digər orqanlarda işə qəbulla bağlı keçirilən müsabiqələrdə də müşahidə olunur.

Prokurorluq orqanlarında işə qəbulla bağlı sonuncu müsabiqədə iştirak etmək üçün sənəd vermiş 545 nəfər namizəddən 303-ü ikinci mərhələyə buraxılıb. Söhbət zamanı isə onlardan yalnız 39-u işə qəbul üçün tövsiyə edilib.

Ədliyyə orqanlarındakı vakant yerlərə işə qəbulla bağlı ötən il keçirilmiş imtahanlarda iştirak etmiş 129 hüquqşünasdan 67-si ədliyyə orqanlarına qulluğa qəbul olunub.

Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahan vermiş 441 namizəddən 299-u müsahibəyə buraxılıb, onlardan 241-i vəkilliyə qəbul olunub.

Müsabiqələrdə müşahidəçi qismində iştirak etmiş hüquq müdafiəçisi Sahib Məmmədov Trend ə müsahibəsində ölkədə peşəkar hüquqşünaslarla bağlı bir böhran olduğunu deyir.

Onun fikrincə, müsabiqədə iştirak etmiş namizədlərin çox az qisminin tələb olunan nəticəni göstərməsi iki səbəblə bağlıdır.

Birinci səbəb hüquqşünas kadrların çox zəif hazırlanması, ikincisi isə qanunların, hüquq normalarının tez-tez dəyişdirilməsidir. "Peşəkar hüquqşünasların hazırlanması barədə dövlət ciddi fikirləşməli və bu istiqamətdə təxirəsalınmaz tədbirlər görməlidir" - deyə hüquq müdafiəçisi vurğulayıb.

Məmmədov deyib ki, test imtahanlarına daxil olunan suallar olduqca çətindir. "Bir hüquqşünas hüququn bütün sahələrini əzbər bilə bilməz. Nəzərə alsaq ki, qəbul edilən qanunlara, digər normativ hüquqi aktlara tez-tez əlavə və dəyişikliklər edilir, bunun nə qədər çətin olduğunu təsəvvür etmək mümkündür" - deyən Məmmədov hesab edir ki, bunlar nəzərə alınmalı və növbəti imtahanlarda suallar nisbətən asanlaşdırılmalıdır. O, ali məktəblərdə təhsilin keyfiyyətinin müasir standartlara uyğunlaşdırılmasını, dünyanın qabaqcıl ali məktəblərinin təcrübəsinin tətbiqini vacib sayır.

Hüquqşünas Çingiz Qənizadə də hesab edir ki, imtahanlardakı suallar olduqca çətindir və bu sualların müəyyən qismi namizədin gələcək peşə fəaliyyətinə aid deyil.

"Prokurorluqda işləmək istəyən hüquqşünas 120-dən artıq qanunu öyrənməlidir. Həmin qanunların bir qismi prokurorun fəaliyyətində lazımlı deyil. İmtahanlarda peşə fəaliyyəti ilə bağlı suallara üstünlük verilməlidir" - deyə Qənizadə vurğulayıb.

Son illər ali və orta məktəblərdə təhsilin səviyyəsinin aşağı düşdüyündən narahatlıq bildirən hüquqşünas təhsildə keyfiyyəti qaldırmaq üçün zəruri tədbirlərə ehtiyac olduğunu deyir.

Onun fikrincə, belə davam edərsə, ali məktəblərə keçirilən test imtahanlarını müvəffəqiyyətlə verən abituriyentlərin sayı kəskin azalacaq.

Baş Prokurorluğun İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, Bakı Dövlət Universitetinin müəllimi Eldar Əfəndiyevin fikrincə, ali məktəblərin hüquq fakültəsini bitirən savadlı hüquqşünaslar dövlət orqanlarında işləməyə üstünlük vermir və onlar kommersiya təşkilatlarında işləmək istəyirlər. Əfəndiyev bunun iki səbəblə bağlı olduğu qənaətindədir. Birincisi, maddi amil, ikincisi, dövlət orqanlarında onların fəaliyyətinin məhdudlaşdırılmasıdır. "Dövlət orqanlarında işləyənlər qaydalara riayət etmək məcburiyyətindədir. Onların fəaliyyəti məhdudlaşır. Qeyri-dövlət sektorunda çalışanlar isə azad olurlar" - deyə idarə rəisi vurğulayıb.

Əfəndiyev imtahanlarda namizədlərə verilən sualların çətin olması fikri ilə razılaşmır. BDU-nun müəllimi bildirib ki, ali məktəbi orta səviyyədə bitirmiş tələbə verilən sualları cavablandırmağa qadirdir. Sadəcə, həmin namizəddə işləyəcəyi sahəyə maraq olmalıdır.

Ədliyyə Nazirliyinin Notariat İdarəsinin rəisi Mehman Soltanov bildirib ki, cəmiyyətin inkişafına uyğun olaraq qanunvericilik də dəyişikliyə məruz qalır və hüquqşünas bu yeniliklərdən xəbərdar olmalıdır. "Notariat fəaliyyəti çoxşaxəldir, hüququn müxtəlif sahələrini əhatə edir. Notarius işləmək istəyən şəxs notariatla bağlı qanunvericilik bazasını mütləq bilməlidir. Onun buraxdığı hər hansı səhv məhkəmədə mübahisələndirilə bilər" - deyə idarə rəisi vurğulayıb.

Soltanov imtahan verənlərin çox az qisminin tələb olunan balı yığmasını namizədlərin savadsızlığı, qeyri-peşəkarlığı ilə əlaqələndirib.

Savadlı kadrlara, peşəkar mütəxəssislərə dövlət orqanlarında ehtiyac olduğunu deyən Soltanov təhsilin səviyyəsini, keyfiyyətini qaldırmaq üçün təxirəsalınmaz tədbirlərə ehtiyac olduğunu bildirib.

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının ictimaiyyətlə əlaqələr şöbəsinə 2007-2008-ci tədris ili üçün dövlət və özəl ali məktəblərə hüquqşünas ixtisası üzrə tələb olunan plan, bu ixtisasa sənəd verən və qəbul olunan abituriyentlərin sayı, bu sahədə dövlət və özəl ali məktəblərin payı barədə yazılı və şifahi sorğu ilə müraciət etsək də, sorğuya cavab almaq mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti