...

Şou-biznesdəkilərin paltar problemi

Cəmiyyət Materials 5 Fevral 2008 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral /müx. TrendLife Günel Əhmədova/

Azərbaycan şou-biznesinin durumu sərhədləri aşaraq xaricilərin də müzakirə obyektinə çevrilib. Amma buna görə onlar ürək ağrısı keçirmirlər. Sadəcə, mədəni biznesimiz onların boş saatlarında əylənmək üçün bir vasitəsinə çevrilib. Söhbət nə məhkəmə çəkişmələrindən, nə dedi-qodulardan, nə də sponsor axtaranlardan gedir. Mövzu kameraları görən kimi bir az da "soyunan"lara həsr olunub. Yazımızla onların libasının ətəyini, yaxud sinəsini 1- 2 sm. artıra bilsək, türklər demişkən, nə mutlu bizə.

Yeri gəlmişkən, Rusiyada istifadəyə verilən və daha çox ermənilərə xidmət edən miacum.ru portalı yazının girişinə vəsilə oldu. Burada İlhamə Quliyevadan üzü bəri Aygün Kazımova, Röya, Rəqsanə, Xuraman Şuşalı, Xatirə İslam, gecəylə-gündüzü səhv salan Bagira, Səbinə Hüseyn və başqalarının açıq şəkilləri forum iştirakçılarının xidmətindədir. Geniş müzakirə olunan fotolarla Azərbaycan mədəniyyəti uzlaşdırılıb.

Məşhur "Ya Qarabağ, ya ölüm" şüarını sitat gətirən forumçular erməni barlarında belə bu cür obrazlara rast gəlinmədiyini söyləyiblər. Əslində, forumun hansı səmtə meylli olduğunu nəzərə alıb, orada yazılanları geniş şərh etmək fikrinə düşməmişik. Sadəcə, şou-biznesin fəal nümayəndələrinə heç olmasa qışda qalın geyinib, özlərini "üşütməməlirini" tövsiyə etmək istəyirik.

Yazımı 2003-2004-ci illərdə şou-biznesə əyalət abu-havasını gətirən Rəqsanə ilə davam etdirmək istəyirəm. İndi də həmin mühitdən özünü təcrid edə bilməyən Rəqsanə meydana atılan kimi dərhal plastik əməliyyata girdi. Yarası sağalmamış vücudunu açıb sərgiləyən müğənninin internetdə yayılan şəkilləri onun müğənni kimi "formalaşdırmağa" başladı. Düzdür, Rəqsanənin repertuarı da onun məşhurlaşmasında az rol oynamayıb. Bir ildə ətrafına böyük tamaşaçı kütləsi yığan müğənni bu xətti tutub davam edə bilərdi. Lakin, özününü dediyi kimi, sponsor mövzuları və ən nəhayət, ailəsi ilə bağlı yayılan söhbətlər müğənninin üzərinə kölgə saldı. Anası və bacısının qadın alveri ilə məşğul olması Rəqsanəni bir çox yalanlar danışmağa vadar etdi. Prodüserinin belə ondan üz döndərdiyini görən muğənni haqqın yolunu tutmağa qərar verdi. Söz verdi ki, məsələni yoluna qoyan kimi qapalı geyinəcək, namaza başlayacaq. Çətin məqamda Tanrının ətəyindən yapışan müğənni dinə sığınmaqla özünü sığortalamağa çalışdı. Rəqsanənin səhnəyə dönüşünü, fanat kütləsi ilə yanaşı, bu dəfə biz də maraqla gözləyirdik. Onun "yeni imici" hamıda maraq yaratmışdı. Düşündüklərimizin əksini görəndə, bir anlığa "Tülkü həccə gedir" məşhur məsəli xatırladıq. Çünki bu dəfə Rəqsanənin heç ağlımıza gətirmədiyimiz fotoları məşhur saytları bəzəməkdə davam edirdi. Hələ üstəlik, həmin fotolar Rəqsanənin ana olmaq xəbərini yaydığı ərəfələrdə çəkilmişdi.

Müzakirə mənbəyinə çevrilən müğənnilərdən biri də Röyadır. Hətta onun mahnıları məşhurlaşan kimi həvəskar kamera ilə davamı da çəkilir. Yuxarıda adını çəkdiyimiz portalda Röyanın bir neçə ilə əvvəl evində çəkdirdiyi porno şəkilləri yerləşdirilib. Bir əlində dəf, bir əlində mikrofon tutan İslam Rzayevin tələbəsi Xatirənin fotoları da bu gün əksər saytların bəzəyidir. Lakin onlar gizli kamera ilə deyil, məclislərdə lentə köçürülüb.

Peşəsi bir çoxlarına sirr qalan Bagiranı isə sözügedən məsələdə veteran hesab etmək olar. Vaxtilə mahnılar oxuyan, indi isə daha çox fəaliyyət istiqamətini porno şəkillər çəkdirməyə həsr edən Bagiranı paltarda təsəvvür etmək mümkün deyil. Forum iştirakçılarından birinin etirafına inansaq, özünü müğənni kimi təqdim edən Cəmilənin fotoları ilə tanışlıqdan sonra o, düz 3 gün qadınların üzünə baxmaq istəməyib.

Gənc müğənnilərdən Xuraman Şuşalı, Səidə Sultanın foto-çəkilişləri yuxarıdakılardan bir qədər fərqlənir. Amma onların gələcəyinin hələ qarşıda olduğunu düşünüb, sağlam fikir söyləmək istəmirik. Prodüser Toliklə işbirliyindən sonra (yeri gəlmişkən, Toliklə kim çalışır, dərhal soyunmağa başlayır) Səidə Sultanın görünüşündə çeşidli dəyişikliklər baş verib. Dəhşətlisi odur ki, qışın oğlan çağında müğənninin nə sinəsi bağlı olur, nə də ayaqları. Tibb mütəxəssislərinin rəyinə görə, incəsənətin tələb etdiyi bəzi qurbanlar insanın səsinə ciddi təsir göstərir.

Xəbər lenti

Xəbər lenti