...

Sabirabad və İmişlidə yeni modul tipli su təmizləyici qurğulara baxış keçirilib

Cəmiyyət Materials 22 Fevral 2008 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir E.Hüseynli/ Sabirabad rayonunun Əlicanlı, Qaralar, Cüdəcühür, Qasımbəyli, Muradbəyli, Surra, İmişli rayonunun isə Qaradonlu, Qaradaşlı, Xoşçobanlı, Xubyarlı, Göbəktala, Cavadxanlı kəndlərində fevralın 22-də yeni quraşdırılmış 12 ədəd modul tipli su təmizləyici qurğulara baxış keçirilib. Bu barədə Trend -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Quraşdırılmış qurğuların fəaliyyəti nəticəsində Sabirabad rayonunun sözügedən kəndlərinin 6565 nəfər əhalisi 52 bulaq, İmişli rayonunun 7493 nəfər əhalisi isə 47 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcək.

Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 2007-ci il 20 iyun tarixində təsdiq olunmuş "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" sərəncamda Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi nəzərdə tutulub.

Sərəncamın icrası nəticəsində keyfiyyətli su imkanları məhdud olan 100 kənddə modul tipli təmizləyici qurğuların quraşdırılması hesabına 161,5 min kənd əhalisinə verilən su Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun təmizlənəcək. İlkin olaraq 8 rayonda (Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan və Neftçala) 50 yaşayış məntəqəsinin keyfiyyətli su təminatı məhdud olan və içməli sudan əziyyət çəkən 55 mindən çox əhalisinin içməli su ilə təmin olunması üzrə görülən işlər yekunlaşıb.

Ölkəyə gətirilmiş modul tipli su təmizləyici qurğular İtaliya, ABŞ, Almaniya, Belçika istehsalı olan avadanlıqlardan ibarətdir və Türkiyədə modulda komplektləşdirilib. Qurğuların 40 ədədi gündə 20 m3, 10 ədədi isə gündə 30 m3 su təmizləmə gücünə malikdir.

Xəbər lenti

Xəbər lenti