...

Sabiq nazirin məhkəməsi apreldə başlayacaq

Cəmiyyət Materials 29 Mart 2008 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 297 mart / Trend , müxbir K.Zərbalıyeva/ Korrupsiya cinayətlərində ittiham olunan sabiq iqdisadi inkişaf naziri və onula birgə həbs olunmuş şəxslərin apellyasiya şikayəti üzrə hazırlıq iclası yekunlaşıb.

Bakı Apellyasiya Məhkəməsindən şənbə günü Trend a bildirilib ki, apellyasiya şikayəti üzrə proses məhkəmə istintaqı aparılmadan aprelin 15-də başlayacaq.

Ötən iclasda sabiq nazirin vəkilləri vəsatətlərinin təmin olunmamasını, məhkəmənin müstəqil və qərəzsiz olmamasını əsas gətirərək məhkəmənin tərkibinə etiraz etmişdi. Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev etirazın təmin olunmaması barədə qərar verib.

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı, "Azpetrol" şirkətinin keçmiş prezidenti Rafiq Əliyev 2005-ci ilin oktyabrında həbs edilib. Həmin vaxt onların hər ikisi dövlət çevrilişi və kütləvi iğtişaşlar hazırlamaqda ittiham edilib.

Sonradan F.Əliyevə Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və rüşvət alma), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israfetmə), 192.2.1-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.2-ci (mütəşəkkil dəstə tərəfindən qanunsuz sahibkarlıq), 206.4-cü (qaçaqmalçılıq) ,213-cü (vergi ödəməkdən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 313.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 313.3.3-ci (külli miqdarda rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı), qardaşı R.Əliyevə isə 213 (vergi ödəməkdən yayınma) və 206.4-cü (qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilib.

Fərhad və Rafiq Əliyevlərə qarşı dövlət çevrilişi və kütləvi iğtişaşlar hazırlanması ilə bağlı elan olunan ittihamlar isə ayrıca icraata götürülüb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə əmlakı müsadirə olunmaqla sabiq nazir 10, qardaşı R.Əliyev isə 9 il azadlıqdan məhrum edilib. Həmçinin məhkəmə Fərhad və Rafiq Əliyev qardaşlarının həbsdən azad olunduqdan sonra 5 il müddətinə dövlət vəzifəsi tutmalarını qadağan edən qərar çıxarıb.

Xəbər lenti

Xəbər lenti