...

Azərbaycanın üç jurnalisti aclıq aksiyasını dayandırıb

Cəmiyyət Materials 3 Aprel 2008 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel mart/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda mətbuat nümayəndələrinin həbsinə etiraz olaraq aclıq aksiyası keçirən üç jurnalist aksiyanı dayandırıb. "Bu gün bizim təkidimizlə "Yeni Müsavat" qəzetinin redaktoru Zahid Səfəroğlu, qəzetin əməkdaşları Elşən Balaxanlı və Zamin Hacı səhhətlərində yaranan ciddi problemlərə və həyatları üçün təhlükə yarandığına görə aclıq aksiyasını dayandırdılar", - deyə cümə axşamı Trend a açıqlamasında aclıq aksiyasının iştirakçısı olan "Gündəlik Azərbaycan" qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu bildirib.

12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev martın 26-dan həbsdə aclığa başlayıb. Baş redaktor işinə ədalətli və qərəzsiz baxılmasını, həbsdə olan həmkarlarının azadlığa çıxmasını tələb edir, Avropa Şurası və ATƏT-in siyasi məhbus məsələsində konkret müdafiə mexanizmləri ortaya qoymasını istəyir. Fətullayevə dəstək məqsədilə səkkiz gündür ki, "Yeni Müsavat" qəzetinin redaksiyasında "Gündəlik Azərbaycan" qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, qəzetin redaktoru Zahid Səfəroğlu və əməkdaşları Elşən Balaxanlı, Zamin Hacı, millət vəkili Pənah Hüseyn, AXCP sədrinin müavini Fuad Mustafayev, ALP sədr əvəzi Əvəz Temirxan və başqaları açılıq aksiyası keçirirlər.

Dörd il azadlıqdan məhrum edilən "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, qəzetin əməkdaşı və Zahidin qardaşı, üç il azadlıqdan məhrum edilən Mirzə Sakit, sabiq səhiyyə naziri Əli İnsanov, Avropa Şurasının siyasi məhbus kimi tanıdığı Ruslan Bəşirli, Rasim Əkbərov, Müşfiq Mədətov da aclıq aksiyası keçirirlər. Əli Bayramlıda bir rayon sakini aclığı davam etdirir.

Zahid Səfəroğlu səkkiz, Elşən Balaxanlı yeddi, Zamin Hacı isə üç gün açlıq aksiyası keçiriblər.

Çobanoğlu qeyd edib ki, dünən gecə Zamin Hacının səhhətində ciddi problem yaranıb, qan təzyiqi təhlukəli həddə qədər aşağa düşüb. Lakin o, tibbi yardım qəbul etməkdən imtina edib. Bundan sonra aksiya iştirakçılarının təkidi ilə aclığı dayandırıb: "Aksiyanı davam etdirənlərin səhhətində ciddi problem yoxdur".

Onun sözlərinə görə, Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin 14 nfər üzvü bir günlük aclıq aksiyasına başlayıblar.

Fətullayev Cinayət Məcəlləsinin terrorçuluqla hədələmə (214.1-ci), qulluq möveyindən istifadə etməklə milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması (283.2.2-ci) və vergidən yayınma(213.2.2) maddələri ilə təqsirli bilinərək, məhkəmənin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilib.

Azərbaycanda peşə fəaliyyəti ilə bağlı 3 jurnalist- "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, onun qardaşı, qəzetin əməkdaşı Mirzə Sakit və "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev həbsdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti