...

Azərbaycanın hakim partiyası jurnalistlərin açlıq etməsini xaricdən Azərbaycana təzyiq kimi qiymətləndirir

Cəmiyyət Materials 4 Aprel 2008 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın hakim partiyası hesab edir ki, bir qrup jurnalist aclıq aksiyası keçirməklə, rəsmi Bakıya təzyiq etmək istəyən xarici qüvvələrin əlində vasitəyə çevrilirlər. "Kimlərsə hansısa niyyətlərinə uyğun olaraq, Azərbaycanın reallıqlarına kölgə salmağa çalışırlar", -deyə cümə günü jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, deputat Əli Əhmədov bildirib.

Martın 27-dən əvəzləmələrlə keçirilən aksiya "Gündəlik Azərbaycan" və "Realnı Azerbaydjan" qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevə dəstək məqsədi daşıyır. 12 saylı Cəzaçəkmə Müəssisəində saxlanılan E.Fətullayev martın 26-dan aclıq edir. O, həbsdə olan jürnalistlərin azadlığa buraxılmasını, özünün işinə yenidən baxılmasını, Avropa Şurası və ATƏT-in siyasi məhbus məsələsində konkret müdafiə mexanizmləri ortaya qoymasını istəyir.

Avropa Birliyi, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar hesab edirlər ki, son zamanlar Azərbaycanda mətbuatın vəziyyəti daha da pisləşib.

Bu gün daha üç nəfər "Yeni Müsavat" qəzetinin redaksiyasında keçirilən aclıq aksiyasına qoşulub: jurnalist Çingiz Sultansoy, hərbi jurnalist Üzeyir Cəfərov və Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü Nemət Əliyev.

Redaksiyada keçirilən aclığı, aksiyaya yeni qoşulanlarla yanaşı, R.Arifoğlu, Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan, Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Mustafayev və "Gündəlik Azərbaycan" qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu davam etdirir.

Deputat Pənah Hüseyn hüzr məclisinə getdiyindən, aclığı dayandırmalı olub.

YAP rəsmisinin sözlərinə görə, Azərbaycan hakimiyyəti hesab edir ki, ölkədə söz və mətbuat azadlığı təmin edilib. Eyni zamanda, hakimiyyət Azərbaycanda mətbuatın bundan sonra da inkişaf etməsi üçün siyasi iradə nümayiş etdirir: "Mətbuatda çalışan hər hansı bir insan qanunun tələblərinə uyğun şəkildə cəzalandırılıbsa, bunu Azərbaycanda söz və mətbuat azadlığına qarşı atılan addıma çevirməyə cəhdlər göstərməyə ehtiyac yoxdur". Əhmədov hesab edir ki, xususi kampaniya təşkil edib, xaricdə Azərbaycanın əleyhinə fikir formalaşdırmağa cəhd edilir.

Əhmədov bildirib ki, Azərbaycanın yerləşdiyi geosiyasi mövqeyə və digər məsələlərə görə, bəzi xarici qüvvələr rəsmi Bakıya təsir və təzyiq göstərmək istəyirlər.

"Biz istəməzdik ki, Azərbaycanda olan qruplaşmalar öz hərəkətləri ilə ölkəmizə təzyiq etmək istəyən xarici qüvvələrə kömək etsinlər, həmin xarici qüvvələrin göstərişləri ilə hərəkət etsinlər", -deyəYAP rəsmisi əlavə edib.

Əhmədov jurnalistləri aclıq aksiyasını dayandırmağa çağırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti