...

Bakıda binanın uçması ilə bağlı qəza vəziyyətinə düşən bina yenidən tikiləcək

Cəmiyyət Materials 4 Aprel 2008 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Bakı şəhərində ötən il tikilməkdə olan binanın ucması nəticəsində qəza vəziyyətinə düşmüş binanın yerində mayın 1-dən yenisinin tikintisinə başlanılacaq. Bu barədə cümə günü mətbuat konfransında həmin binada yaşayan bir qrup sakin keçirdiyi mətbuat konfransında məlumat verib.

Ötən il avqustun 28-də Bakı şəhəri Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 185 saylı ünvanda "Mütəfəkkir" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilən on beş mərtəbəli yaşayış binası tamamilə uçub. Nəticədə, 25 nəfər həlak olub, 6 nəfər xəsarət alıb.

Hadisə zamanı Bəsti Bağırova küçəsi, 613-cü məhəllədəki 2 girişli, 12 mərtəbəli 44 mənzilli yaşayış binası qəza vəziyyətinə düşüb.

Mətbuat konfransında sakinlər bildiriblər ki, yeni binanın tikintisi ilə bağlı Nazirlər Kabineti bu il fevralın 21-də sərəncam verib.

Qəza vəziyyətində olan bina sökülərək, yerində yenisi inşa olunacaq. Binanın tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması bu il mayın 1-dək başa çatdırılacaq. Bundan sonra binanın tikintisi üçün tender elan olunacaq. Sərəncama əsasən yeni bina tikiləndən sonra uçmuş binanın sakinləri mənzillə təmin ediləcək. Binanın 18 ay ərzində tikilib başa çatdırılması nəzərdə tutulub.

Sakinlər dövlətin ayırdığı diqqətə görə ölkə başçısına təşəkkür məktubu ünvanlayıblar.

Ötən il binanın uçması ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina tikmə (222.2 və 222-1.2) maddələri ilə cinayət işi başlanıb.

"Mütəfəkkir" MMC-nin baş direktoru Əli Muradov, mühəndis Əsgər Əliyev və iş icraçıları Fərhad Həsənov və Qədir Səlimov həbs olunub.

Muradov ötən il ürək xəstəliyindən isintaq təcridxanasında dünyasını dəyişdiyindən, cinayət işinin ona aid hissəsinə xitam verilib.

Məhkəmə prosesi isə davam edir.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz.

Xəbər lenti

Xəbər lenti