...

Münaqişələrin sülh yolu ilə həllində dinin əhəmiyyəti Moskvada müzakirə olunacaq

Cəmiyyət Materials 8 Aprel 2008 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel/ Trend , müxbir İ.Əlizadə/ Dünyada mövcud olan münaqişələrin sülh yolu ilə həll edilməsində dinlərarası dialoqun əhəmiyyəti və perspektivləri BMT-nin Baş katibi Pan Gi Munun Moskvada dünyanın tanınmış din rəhbərləri ilə görüşündə müzakirə olunacaq. "Görüşdə həmçinin BMT nəzdində Dinlərarası Məşvərət Şurasının yaradılması məsələsi müzakirə olunacaq", - deyə çərşənbə axşamı Trend a Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.

BMT Baş katibi aprelin 10-da Moskvada dünyanın tanınmış din rəhbərləri ilə görüşəcək. Görüşdə müxtəlif konfessiyaları təmsil edən tanınmış din rəhbərlərinin iştirak edəcəyi gözlənilir.

"Görüşdə dinin müasir cəmiyyətdə yeri və dinlərarası dialoq üzrə fəaliyyət göstərəcək yüksək səviyyəli İşçi Qrupun yaradılması məsələsi müzakirə olunacaq", - deyə məlumatda bildirilib.

Baş katibin din xadimləri ilə görüşündə müsəlman konfessiyasını Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə təmsil edəcək. Paşazadə toplantıda məruzə ilə çıxış edəcək.

Görüşdə Moskva və Ümumrusiya Patriarxı II Aleksinin, "Vicdana çağırış" Fondunun prezidenti Artur Şnayerin, Vatikanın yüksək səviyyəli nümayəndəsinin, İsrailin Baş ravvini Yona Metsgerin, Finlandiyanın arxiyepiskopu Yukka Paarmanın, habelə Smolensk və Kalininqrad mitropoliti Kirilin iştirak edəcəyi gözlənilir.

BMT yanında Dinlərarası Məşvərət Şurasının yaradılması təşəbbüsü 2006-cı ildə Moskvada keçirilmiş din liderlərinin ümumdünya sammitində MDB-nin Dinlərarası Şurasının həmsədrləri olan Allahşükür Paşazadə ilə Moskva və Ümumrusiya patriarxı II Aleksi tərəfindən irəli sürülüb və sammtin yekun sənədində əks olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti