...

Ali təhsil sisteminin İnkişaf Proqramı Azərbaycan hökumətinə təqdim olunub

Cəmiyyət Materials 10 Aprel 2008 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir C.Babayeva/ Ali təhsil sisteminin inkişaf Proqramı Azərbaycan hökumətinə təqdim olunub. Bu barədə cümə axşamı Bakıda Azərbaycanın Boloniya prosesinə qoşulmasının ikinci mərhələsinə həsr olunmuş beynəlxalq konfransda təhsil naziri Misir Mərdanov bildirib.

Azərbaycan 2005-ci ildən Boloniya prosesinə qoşulub. Boloniya Bəyannaməsinin əsas kriteriyaları ikipilləli ali təhsil sisteminin təmin edilməsi, təhsilin kreditləşməsi üzrə şəffaf sistemin və keyfiyyətə nəzarət sisteminin yaradılmasından ibarətdir.

Nazirin sözlərinə görə, prezident tərəfindən Dövlət Proqramı təsdiq edildikdən sonra hər bir ali məktəbin inkişaf perspektivləri proqramı olacaq.

Nazir qeyd edib ki, gələcəkdə ali məktəblərin idarə olunması strukturunda dəyişiklik ediləcək.

"Təəssüf ki, bəzi ali məktəblərdə hələ də Sovet idarəçilik sistemi mövcuddur. Təhsil Nazirliyi bu istiqamətdə riskli addımlar həyata keçirməyə hazırdır" - deyə nazir bildirib.

Onun sözlərinə görə, ali təhsil müəssisələrinin maliyyələşdirliməsi və idarə olunmasında problemlər var. "Gələcəkdə bütün ali təhsil müəssisələri müstəqil idarəçilik və fərdi maliyyələşmə sisteminə keçəcək. Bir sıra ali məktəblər bu sistemə keçəndən sonra təhsilin keyfiyyəti yüksələcək" - deyə nazir əlavə edib.

Yanvarın 31-də prezident İlham Əliyev ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının hazırlanması üçün İşçi Qrupu yaradılıb. Sərəncama müvafiq olaraq, Təhsil Nazirliyi, tabeçiliyində ali təhsil müəssisələri olan digər qurumlarla birlikdə, "2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" layihəsini martın 30-dək hazırlamalıdır.

Ölkənin ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası məqsədilə, Bolonya prosesinin ölkəmizdə reallaşdırılmasına xidmət edən beynəlxalq müqavilələrin imzalanması üçün müvafiq tədbirlərin həyata keçirilməsi Xarici İşlər Nazirliyinə həvalə olunub.

Təhsil Nazirliyinin təklifləri nəzərə alınmaqla, ali təhsilin bakalavr pilləsində ixtisasların (proqramların) siyahısının YUNESKO-nun və digər beynəlxalq qurumların qəbul etdiyi müvafiq sənədlərə uyğunlaşdırılmasının təmin edilməsi və bu Sərəncamdan irəli gələn digər məsələlərin həll edilməsinə dair göstəriş verilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti