...

Gənclərə tövsiyəm odur ki, təkəbbürlü olmasınlar – Məhəbbət Kazımov

Cəmiyyət Materials 12 Aprel 2008 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 aprel / TrendLife / Türkan İmaməliyev

Məhəbbət Kazımovun "Xalq Parad" verilişində xalq ulduzu Eldəniz barədə fikirləri əməlli-başlı səs-küy yaratdı. Müğənninin gənc həmkarı barədə dediklərini müxtəlif mənalara yozdular. Kimi Məhəbbət Kazımovu qısqanclıqda ittiham etdi, kimi isə ədalətli olduğunu iddia etdi. Hər halda hər kəs dediyi fikrin dalında durmağı bacarmalıdır. Elə bu səbəbdən də Məhəbbət Kazımovla əlaqə saxlayıb bir daha onun məsələ ilə bağlı konkret münasibətini öyrənməyə çalışdıq. Maraqlandıq görək, Eldənizin hansı hərəkəti Kazımovu əsəbləşdirib? Məhəbbət Kazımov "Trend Life"a açıqlamasında "Mən bilmirəm mənim bircə kəlmə dediyim söz nə üçün bu qədər səs-küy yaradıb? Məgər mən kimisə təhqir etmişəm ki, fikirlərim birmənalı qarşılanmayıb? Mən o fikirləri təkcə Eldəniz üçün deyil, ümumilikdə gənc nəslin nümayəndələri haqqında söylədim. Bildirdim ki, sənət təkəbbürü sevmir. Gənclərə də tövsiyəm odur ki, heç vaxt təkəbbürlü, özlərindən razı olub lovğalıq etməsinlər. Ağac bar verdikcə, başını aşağı dikər. Nəyə görə Eldəniz bu fikrə belə kəskin münasibət bildirir, anlamıram. Sadə bir misal da çəkim ki, biz də onlar kimi vaxtilə gənc olmuşuq. Xan əmini, Yaqubu, Süleyman müəllimi görəndə 100 metr uzaqdan keçirdik ki, hörmətsizlik kimi görünməsin. Böyüklərin qabağında görünməyi hörmətsizlik kimi qəbul edirdik. İndikilər isə adamın ağzına girir. Mən sadəcə bunu söyləmişəm. Əgər bu fikirlərim, məsləhətlərim kiminsə xətrinə dəyibsə, üzr istəyə bilərəm. Sənətdə olduğum gündən bu vaxta qədər özümdən böyüklərin fikrinə həmişə hörmətlə yanaşmışam. Məhəbbət Kazımov sənətə, sənətkara hörmət etməyi də bacarır" söylədi.Məhəbbət Kazımovun yaradıcılıq yeniliklərinə gəlincə isə müğənni bildirdi ki, hazırda yeni albom üzərində çalışır. Müğənninin sözlərinə görə, budəfəki albomu digərlərindən çox fərqlənəcək. Belə ki, alboma Məhəbbət Kazımovun öz bəstələri ilə yanaşı, xalq mahnıları da daxil ediləcək. Albomun adını hələ dəqiqləşdirməyən müğənni, toplu tam hazır olduqdan sonra ad barədə konkret fikrə gələcəyini söylədi. Müğənni onu da bildirdi ki, yarpaq tökülənə qədər, yəni payız gələnə qədər yeni albomu işıq üzü görəcək.

Xəbər lenti

Xəbər lenti