...

Azərbaycanda uşaq parnoqrafiyası ilə bağlı cəza sərtləşdirilməlidir –ekspertlər

Cəmiyyət Materials 14 Aprel 2008 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Son vaxtlar mobil telefonlarla və internet vasitəsilə uşaq parnoqrafiyasını təbliğ edən görüntülərin geniş yayılması cəmiyyətdə narahatlıq yaradıb. Həmin görüntülərdəki uşaqların və onların müştərilərinin azərbaycanlı olduqları açıq-aydın görünür.

Azərbaycanın Cinayət Məcəlləsinə uşaq parnoqrafiyası ilə bağlı xüsusi maddənin salınması Avropa Şurası ekspertləri tərəfindən təklif olunub. Yaradılmış xüsusi İşçi qrup Məcəlləyə əlavə və dəyişikliklərn edilməsi ilə bağlı layihə hazırlayıb və qəbul olunması üçün Milli Məclisə göndərib.

İşçi qrupun üzvü, Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə Trend a bildirib ki, Cinayət Məcəlləsinə "Uşaq parnoqrafiyasının hazırlanması və yayılması" adlı 241-1 maddəsi əlavə edilməsi təklif olunub. Həmin maddənin tələbinə görə, bu cinayətin iştirakçısı olmuş şəxsə şərti maliyyə vahidinin 1000 mislindən 5000 mislinədək cərimə, 2 ilədək islah işləri və 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

Ağazadə bildirib ki, layihədə uşaq parnoqragiyası cinayətinin valideynlər, himayəçilər tərəfindən törədilməsi isə ağırlaşdırıcı hal kimi nəzərdə tutulub və həmin cinayətə görə 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası təklif olunub.

Ali Məhkəmənin hakimi deyib ki, əksər ölkələrin cinayət qanunvericiliyinə bu maddə daxil edilib. Azərbaycanın 2000-ci ildə qüvvəyə minmiş yeni Cinayət Məcəlləsi hazırlanarkən uşaq parnoqrafiyası cinayəti ilə bağlı məsuliyyət məsələsi yaddan çıxıb.

Ağazadə bildirib ki, Cinayət Məcəlləsində azyaşlılarla bağlı buna bənzər cinayətlərə görə müddəalar nəzərdə tutulur. Məsələn, yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə kimi maddələr var.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova uşaq parnoqrafiyası cinayətinə görə ağır cəza verilməsinin tərəfdarıdır.

Onun sözlərinə görə, bu cinayətə görə cərimə və ya islah işləri cəzası nəzərdə tutularsa, məhkəmələr praktikada bu cəzalara üstünlük verəcək. "Necə ki, hazırda məhkəmələr zorlama, cinsi əlaqəyə təhrik etmə cinayətlərinə görə cərimə və islah işləri cəzalarına üstünlük verirsə, uşaq parnoqrafiyası cinayətində ittiham olunanlara da bu cəzalar tətbiq olunacaq", - deyə Əzizova vurğulayıb.

Mərkəz rəhbəri bu problemi qaldırmağı valideynlərin uşaqlarını qoruya bilməsi və problemə ictimai qınağın yaranması baxımından vacib sayır.

"Rusiya da bu cinayətlərə görə cəzaları sərtləşdirmək istəyir. Birinci dəfə bu cinayətə görə məhkum olunanlar ağır cəza ilə cəzalandırılır. Bu cinayəti ikinci dəfə törədən şəxsə ömürlük azadlıqdan məhrumetmə cəzası veriləcək. Həmçinin bu cinayəti törətdiyi üçün əvvəllər məhkum olunmuş şəxs azadlığa çıxandan sonra da nəzarətə götürüləcək", - deyə Əzizova bildirib.

Mərkəzin rəhbəri qeyd edib ki, əvvəllər Azərbaycan uşaqları xaricə aparılıb orada bu fəaliyyətə cəlb olunurdusa, indi bu, ölkənin daxilində edilir. "Mobil telefonlarla yayılan həmin məlumatlara baxanda bunu görmək mümkündür. Uşaq parnoqrafiyasına cəlb olunan uşaqlar əsasən internatlarda yaşayan uşaqlar, küçə uşaqları və valideyn nəzarətindən kənar qalan uşaqlardır", - deyə Əzizova vurğulayıb.

Ekspert bir müddət sonra uşaq parnoqrafiyasının adiləşəcəyindən narahatdır. Əzizova bu cinayətin qurbanları olan uşaqlar üçün xüsusi reablitasiya mərkəzləri yaradılmasını vacib sayır.

O, bu materialları yayan saytların aşakar edilməsini və onların rəhbərlərinin ciddi cəzalandırılmasını vacib sayır.

Uşaq hüquqlarının müdafiəsi Liqasının rəhbəri Yusif Bəkirov bildirib ki, uşaq parnoqrafiyası yaxşı gəlir gətirdiyindən dünyanın əksər ölkələrində geniş yayılıb.

Liqanın sədri bu cinayətə görə cəzaları sərtləşdirməyi vacib sayır.

"Əgər qanunda cərimə cəzası nəzərdə tutularsa, bundan gəlir mənbəyi kimi istifadə edənlər cəriməni verməklə məsuliyyətdən yaxa qutara bilərlər. Necə ki, insan alverində ittiham olunan şəxslər cinayət məsuliyyətindən kənarda qalır", - deyə Bəkirov vurğulayıb.

Ekspert uşaq parnoqrafiyasının yayılmasının əsas səbəbi kimi uşaqların sosial müdafiəsinin zəif təşkil olunduğunu deyir.

Onun sözlərinə görə, internatlarda yaşayan uşaqlardan uşaq parnoqrafiyasında istifadə olunacaq. Ekspert hesab edir ki, internatlara nəzarət zəifdir və internat rəhbərlərinə yaxşı təklif olarsa, onlar buna imkan verəcəklər.

Bəkirov Azərbaycandan uşaqları xaricə aparıb bu məqsədlə istifadə edə bilmək imkanının olduğunu da deyir.

Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova Azərbaycanda bununla bağlı vəziyyətin o qədər də acınacaqlı olmadığını deyir. Təşkilat sədri hesab edir ki, qloballaşan dünyada bu problemin Azərbaycandan da yan ötməyəcəyinə əmindi. Əhmədova da bu cinayətə görə kifayət qədər sərt cəzalar verilməsinin tərəfdarı olduğunu bildirib.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, ölkə ərazisində yerləşən şəbəkədə uşaq parnoqrafiyası ilə bağlı material olan internet saytı yoxdur. Gündüz respublikadan kənarda yerləşən saytlarda Azərbaycan dilində olan materialların yerləşdirilməsini isə istisna etmir.

O, bu problemlə mübarizəni gücləndirmək üçün cəzaların sərtləşdirilməsini vacib sayır və bildirir ki, Azərbaycan "Kibercinayətlər haqqında" Avropa Konvensiyasına qoşulmadan, qanunvericiliyin dəyişdirilməsi əhəmiyyətsizdir.

Forumun prezidenti bildirib ki, Təhsil Nazirliyinə təhsil sisteminin vahid şəbəkədən süzgəc proqramı vasitəsilə internetə qoşulması barədə təklif verilib və hazırda bu istiqamətdə müvafiq tədbirlər görülür.

Gündüz deyib ki, bütün dünya ölkələrində uşaq parnoqrafiyasının, terrorizmin, ekstremizmin təbliği ilə mübarizədə dövlət, ictimai qurumlar, özəl sektor, valideynlər və təhsil strukturları birgə fəaliyyət göstərir və bu təcrübə Azərbaycanda da tətbiq olunmalıdır.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti