...

Həbsdə olan jurnalistlərin müdafiəsi üçün pul ayrılıb

Cəmiyyət Materials 15 Aprel 2008 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir S.İlhamqızı/ Söz azadlığının və jurnalistlərin müdafiəsinə yardım Fondu hazırda həbsdə olan jurnalistlərin müdafiəsi üçün pul ayırıb. Bu barədə İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.

İclasda ötən vaxt ərzində Fonda daxil olan 5 müraciətə baxılıb. Daxil olan müraciətlərə bütövlükdə 1900 ABŞ dolları həcmində yardım ayrılması barədə qərar çıxarılıb.

"Gündəlik Azərbaycan" qəzetinin baş redaktoru Eynulla Fətullayevə (atası Emin Fətullayevin müraciətinə əsasən) 500 ABŞ dolları həcmində yardım ayrılıb.

Məhkəmə prosesinə cəlb edilən jurnalistin məhkəmədə müdafiəsi üçün vəkillə təmin edilməsi məqsədilə "Azadlıq" qəzetinin əməkdaşı Mirzə Sakitə ("Azadlıq" qəzeti redaksiyasının müraciəti əsasında) 400 ABŞ dolları, "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilə 400 ABŞ dolları ayrılıb.

Peşə borcunu yerinə yetirərkən xəsarət alan jurnalistin müalicəsi məqsədilə "Yeni Müsavat" qəzetinin əməkdaşı Şahvələd Çobanoğluna ("Yeni Müsavat" qəzeti redaksiyasının müraciətinə əsasən) 200 ABŞ dolları məbləğində yardım ayrılıb. "Reytinq" qəzetinin əməkdaşı Elşad Məmmədovun ("Reytinq" qəzeti redaksiyasının müraciətinə əsasən) müraciətinə baxılarkən, təqdim olunan sənədlər tam qaydasında olmadığından müraciətə növbəti iclasda baxılması qərara alınıb.

Söz azadlığının və jurnalistlərin müdafiəsinə yardım Fondunun fəaliyyəti Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Fondun təsisçiləri "Yeni Nəsil" JB, "Azərbaycan Jurnalistlər Birliyi", "Nəcəf Nəcəfov Fondu" və "Demokratik Jurnalistlər Liqası"dır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti