...

Ana olmağı piyara çevirən sənətçilər var – Əməkdar artist Gülyanaq Məmmədova

Cəmiyyət Materials 16 Aprel 2008 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / "Trend Günel Əhmədova

Gülyanaq Məmmədova ikinci dəfə ana olmağa hazırlaşır. Lakin müğənni TrendLife-a bunu qətiyyən reklam etmək fikrində olmadığını söylədi: "Əslində, bu xəbəri sirr olaraq saxlayırdım. Bu qənaətdə idim ki, görünüşüm bunu biruzə verənə qədər bu barədə danışmayım. Lakin xəbər "Bazar" verilişində yayımlanandan sonra gizlədə bilmədim. Mən ümumiyyətlə, şəxsi həyatını, eləcə də ana olacağını reklam edən sənət adamlarına pis baxıram. Düşünməmişəm ki, ana olmaq müğənninin piyar kampaniyasına çevrilə bilər. Amma təəssüf ki, bundan istifadə edənlər var".

İkinci övladını iyun ayında dünyaya gətirəcəyini əlavə edən Gülyanaq Məmmədova bir xeyli tərəddüddən sonra onun cinsini də açıqladı. Dedi ki, ilk qız övladına qardaş gəlir. Müğənninin fikrincə, nəsillikcə onlar çoxuşaqlılığın tərəfdarıdırlar. Lakin Gülyanaq xanım hələlik iki uşaqla kifayətlənmək qənaətindədir: "Uşağın nəyi pisdir, anaya sirdaş, təsəlli olur. Mən ana olmağı ən ülvi hiss hesab edirəm və o hisslərlə yaşayıram. Bəzən plan xatirinə ana olmaq istəyənlərin olduğunu da eşitmişəm. Amma mən övladın Allah-təala tərəfindən mənə göndərilən ən gözəl nemət olduğunu düşünürəm".

Hamiləliyini rahat keçirən Gülyanaq xanım həkimlərinin məsləhəti ilə yaradıcılığını davam etdirir. Hətta ötən aylarda bir neçə səfərlər edən müğənni səkkizinci ayına qədər səhnədə olmağı düşünür: "Yaradıcılığa uzun fasilə vermək fikrim yoxdur. Yadınızdadırsa, birinci övladımda da səhnədə olmuşam. Hətta səikkizinci ayında Novruz bayramına həsr olunmuş dövlət tədbirinə dəvət almışdım. Mənim ifam yaxınlaşanda, hava tutuldu və yağış yağmağa başladı. Buna baxmayaraq, səhnəyə çıxdım və oxudum. Övladımı dünyaya gətirəndən sonra fasiləyə yaratmadım, səhnəyə qayıtdım. Əgər səhhətim imkan verməsəydi, əlbəttə ev şəraitində olardım".

Qız övladının qayğısı ilə ara-bir bacısı Elnazın məşğul olduğunu deyən Əməkdar artist, ikinci övladını Türkiyədə yox, burada dünyaya gətirəcəyini söylədi: "Qaynanam tərəddüdlə, yenə Türkiyəyə getməyimi istəyir. Amma buna lüzum görmürəm. Övladımı Azərbaycanda dünyaya gətirəcəm".

Xəbər lenti

Xəbər lenti