...

Bakıda bina uçqununda təqsirli bilinənlərə prokuror iş istəyib

Cəmiyyət Materials 21 Aprel 2008 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / " Trend ", müxbir T.Abbasov/ Ötən il Bakıda 25 nəfərin ölümü ilə nəticələnmiş bina uçqununda təqsirli bilinənlərə cümə günü prokuror iş istəyib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilmiş prosesdə çıxış edən dövlət ittihamçısı təqsirləndirilənlərin günahlarının məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini deyib.

Prokuror mühəndis Əsgər Əliyevə 11 və iş icraçıları Fərhad Həsənova 8, Mürsəl Haqverdiyevə 6 və Qədir Səlimova 7 il 6 ay, memar Eldar Rəhimova 6 və Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Tikinti Koperativinin sabiq sədri Akif Məhərrəmova 1 il azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş edib.

Proses vəkillərin çıxışı ilə davam edir.

Ötən il avqustun 28-də Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 185 saylı ünvanda "Mütəfəkkir" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilən on beş mərtəbəli yaşayış binası tamamilə uçub. Nəticədə 25 nəfər həlak olub, 6 nəfər xəsarət alıb.Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina tikmə (222.2 və 222-1.2) maddələri ilə cinayət işi başlanıb.

"Mütəfəkkir" MMC-nin həbs olunmuş baş direktoru Əli Muradov ötən il ürək xəstəliyindən istintaq təcridxanasında dünyasını dəyişdiyindən cinayət işinin ona aid hissəsinə xitam verilib.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti