...

İndi müğənni çoxdur, oxuyan yoxdur – əməkdar artist Cavanşir Məmmədov

Cəmiyyət Materials 22 Aprel 2008 10:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel /müx.TrendLife Şahin Cavadsoy/

Şou-dünyasında hökm sürən dərəbəyliyin əleyhinə çıxan əməkdar artist Cavanşir Məmmədov yenə kəskin danışır. Deyir onu sakit oturmamağa məcbur edən amillərdən ən birincisi, özünü meydanda ulduz hesab edən bəzi "müğənnilərin" əsl sənətkarlara göstərdiyi hörmətsizlikdir. Düzdür, müsahibə zamanı başqa mətləblərdən də hali olduq. Ancaq tam təfərrüatı ilə nələrdən söhbət apardığımızı bilmək istəyirsinizsə, Cavanşir Məmmədovun TrendLife -a verdiyi müsahibəni oxumağınız məsləhətdir:

- Cavanşir müəllim son vaxtlar verdiyiniz müsahibələrdə əsasən kəskin açıqlamalarınızın şahidi oluruq.Bunun səbəbini nə ilə izah edərdiniz?

- Demokratik cəmiyyətdə yaşadığımızdan, hər kəs öz fikrini söyləməkdə sərbəstdir. Musiqi sahəsi elə bir aləmdir ki, orada yalnız mütəxəssislərin verdiyi qiymət önəm daşımalıdır. Dinləyici qiyməti başqa bir şeydir. Yəni, tamaşaçılar işin içində deyil. Bu səbəbdən yalnız musiqiçi peşəkar kimi öz fikrini söyləyəndə o daha böyük maraq doğurur. Bəzi hallarda görürsənki, sənətçilər arasında dostbazlığa, qohumbazlığa, tanışlığa görə, kimlərəsə yetərincə güzəştlər olunur. Bu sözləri əsla mənə şamil etmək olmaz. Hamı bilir ki, Cavanşir Məmmədov nəsə pis bir iş baş verəndə, sərt açıqlama ilə çıxış edir. Səriştəli müğənni kimi bu mənim haqqımdır.

- Demək, tənqid atəşinə tuş gələn müğənnilərin hardasa səhvlərinin olması, sizi belə ampluadan çıxış etməyə vadar edir.

-Təbii. Əgər hansısa müğənni tənqid atəşinə tutulursa, mütləq burada haqlı nələrisə axtarmaq lazımdır. Məncə bu işdə jurnalistlərin də böyük rolu var. Maqazin verilişlərində tez-tez görürəm ki, sənəti olmayan müğənnilər media mənsublarının hədəfinə götürülür. Elə də olur ki, özünü nömrə bir sayan ulduzlardan bəziləri çıxır verilişə və başlayır yalandan özü səviyyədə olan həmkarını tərifləməyə. Axı, bu da çox vaxt həqiqətə uyğun gəlmir. Qoy gənc müğənnilər səhv addım atmaqdan çəkinsinlər. Başa düşsünlər ki, nə qədər efirdə yalan danışsalar, bir o qədər tamaşaçılar və sənəti anlayan ustadlar tərəfindən tənqid olunacaqlar.

- Belə çıxır ki, sənətə hələ də düzgün qiymət verilmir?

- Qulaqlarımızın yaxşı musiqi dinləməsi üçün hamımız mübarizə aparmalıyıq. Əgər müğənni kimi öz sahəmizə, xalqımıza, dövlətimizə xidmət ediriksə, deməli musiqilərimizlə bağlı hər şeyə düzgün qiymət verməyi də bacarmalıyıq. Açıq etiraf edirəm ki, xalqı aldada-aldada irəli getmək yalnız həmin müştəbeh ulduzları uçuruma aparacaq. Sənətə düzgün qiymət verməyi sözdə ifadə etmək çətindir. Onsuzda hər kəs öz əməli ilə bunu nümayiş etdirir.

- Cavanşir müəllim, illərdir duet ortağınız olan əməkdar artist Firuzə İbadova ilə birgə eyni səhnəni bölüşürsünüz. Lakin deyəsən, sizi də ayımağa çalışanlar var.

- (gülüşünü gizlədə bilmir) Məni Firuzə xanımla ayırmağa kimsənin gücü çatmaz. İnanın, əgər bizi toylara çağırmasalar, musiqiçilərin özləri duetimiz üçün darıxar. O yerdə ki sözün yaxşı mənasında irəliləyiş varsa, görürsən ki, daş atanların sayı da istər-istəməz çoxalır. Firuzə xanım təcrübəli müğənnidir. Bir haşiyəyə çıxıb demək istəyirəm ki, peşəkar ifaçı ilə özfəaliyyəti qarışdırmaq düzgün deyil. Bəli, tam əminliklə vurğulayıram, Firuzə İbadova sənəti bilən müğənnilərdəndir. Onun özünəməxsus dəsti-xətti var. Tərif kimi səslənsə də, o, görün kimlərin məktəbini görüb? Korifeylər - Şövkət Ələkbərova, Rəşid Behbudovdan şəxsən dərs almaq, hər sənətçiyə nəsib olmur. Təvazökarlıqdan uzaq səslənsə belə özüm də bu sıralardayam. Bədxahlarımız ürəklərini buz kimi saxlasınlar. Ona görə ki, duet ortağı kimi bir-birimizi çox gözəl başa düşürük.

- Söhbətdən məlum olur ki, hələ də yaradıcılığınızı bütünlüklə musiqisevərlərə təqdim edə bilməmisiniz.

- Fikrilərinizlə hardasa razılaşıram. Hamıya məlumdur ki, mənim qazanc yerim toy-düyünlərdir. Yəni ürəyimdən keçən mahnıları indi oxumağa başlasam, inanın məni toya aparmayacaqlar. Amma dahi bəstəkarların əsərləri repertuarımda yer alıb. Tofiq Quliyev, Cahangir Cahangirov, Rauf Hacıyev, Ramiz Mirişlinin əsərlərini vaxtı ilə lentə yazdırmışam. Sadaladığım bəstəkarların sənət əsərlərini böyük müğənnilər - Hüseynağa Hadıyev, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Anatolu Qəniyev, Məmməd Salman, Mirzə Babayev oxuyub. Burdan belə bir sual ortaya çıxır. Bəs nəyə görə Akif İslamzadədən sonra heç bir ulduz onun mahnılarını ifa etmir? Cavabı da sadədir, qorxurlar. Ya gərək Akif kimi ya da ondan da yaxşı ifa edəsən. Çünki pis ifa etsələr bilirlər ki, söyüləcəklər. Fikrimcə yaxşı müğənninin necə oxuması, yalnız onun ifası ilə ölçülür. Həmişə deyirəm ki, o vaxtı müğənni az idi, oxuyan seçilirdi. İndi müğənni çoxdur, oxuyan yoxdur. Görəsən bu templə hara gedirik?...

Xəbər lenti

Xəbər lenti