...

Bu ildən Azərbaycanda əhaliyə fərdi identifikasiya nömrələri veriləcək

Cəmiyyət Materials 22 Aprel 2008 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda əhaliyə fərdi identifikasiya nömrəsinin verilməsinə bu ildən başlanacaq.

Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlər Reyestri Xidmətinin rəis müavini Mehdi Nəcəfov Trend a eksklüziv müsahibəsində bildirib ki, fərdi indentifikasiya nömrəsinin verilməsi insanların birmənalı eyniləşdirilməsinə imkan verəcək.

Əhalinin Dövlər Reyestri Xidməti tərəfindən veriləcək fərdi indentifikasiya nömrəsi respublikda Vergilər, Səhiyyə, Sosial Müdafiə nazirliklərində və digər qurumlarında əhali ilə bağlı informasiya resurslarında yerləşdiriləcək.

Fərdi identifikasiya nömrəsi - Dövlət Reyestrinə barəsində məlumat daxil edilən şəxsə müəyyən edilmiş qaydada verilən və şəxs barəsində müvafiq məlumatları birmənalı müəyyən etməyə imkan verən vahid təkrarolunmaz koddur.

Azərbaycan vətəndaşları, həmçinin, daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə sənədləşdirilmiş informasiyanı əks etdirən dövlət informasiya ehtiyatının yaradılması üçün tədbirlərin icrasına başlandığını deyən rəis müavini bildirib ki, əhali barəsində informasiya resursunun yaradılması əhali barəsində düzgün məlumatların əldə edilməsi üçün lazımdır.

"Belə bir məlumat bazasının yaradılması digər sosial-siyasi tədbirlərin həyata keçirilməsində-seçki prosesində məlumatların düzgünlüyünə, seçki siyahılarının yoxlanmasına, insanların özü haqqında məlumatların asan yolla bir qrumdan əldə etməsinə kömək olacaq. Bu sahədə vahid pəncərə prinsipi tətbiq olunacaq. İnformasiya resursuna Azərbaycan vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və Azərbaycanda daimi yaşayan əcnəbilər haqqında məlumatlar daxil ediləcək və hər şəxsə fərdi indentifikasiya nömrəsi veriləcək",-deyə Nəcəfov bildirib.

Əhalinin Dövlət Reyestrinin informasiya bazasını insanların yaşadığı və olduğu yer üzrə Daxili İşlər Nazirliyinin informasiya bazası və hazırda formalaşan Vətəndaşlıq Vəziyyəti Aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin məlumatları təmin edəcək.

Dövlət Reyestri əhalinin yerləşməsinə və tərkibinə, miqrasiyanın əhatə dairəsinə və istiqamətinə, demoqrafiya məsələlərinə, eləcə də digər məsələlərə dair məlumatlar toplamaq, onları daim təzələmək , dövlət və yerli özünüidarəetmə orqanlarını, habelə fiziki şəxsləri həmin məlumatlarla təmin etmək məqsədilə aparılır.

Nəcəfovun sözlərinə görə, hər insanla bağlı bütün məlumatlar dövlət reyestrinin məlumat bazasında əksini tapacaq. Vətəndaş yaşayış yerini, soyadini, ailə vəziyyətini dəyişdikdə bu məlumatlar məlumat bazasına əlavə olunacaq. Dövlət Reyestrindəki məlumatlar həmişəlik saxlanılır və heç bir halda məhv edilə bilməz.

Rəis müavini qeyd edib ki, Azərbaycanda elektron imzanın təsdiq olunmasından sonra hər bir şəxs internet yolu ilə öz fərdi indentifikasiya nömrəsinin köməyi ilə özünə aid təsdiqlənmiş məlumatı əldə edə biləcək. Dövlət Reyestrinə hər bir məlumat yalnız sənədləşdirilmiş məlumat əsasında daxil ediləcək.

Rəis müavinin sözlərinə görə, sənədlərin düzgün və qüvvədə olması olduqca vacibdir. "Prezidentin fərmanı ilə qüvvədən düşmüş sənədlərin dövlət reystri yaradılıb və bu işin aparılması da bizim xidmətə həvalə olunub. Qüvvədən düşmüş şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, xarici pasportlar, şəhadətnamələr və digər sənədlər vahid bazaya daxil ediləcək",-deyə Nəcəfov bildirib.

BMT-nin İnkişaf Proqramı və Azərbaycan Hökuməti arasında imzalanmış sazişlə Əhalinin Dövlət Reyestrinin formalaşması və inkişafı layihəsi icra olunur. 2006-cı ildən başlanmış layihənin birinci mərhələsi artıq yekunlaşıb. Ikinci mərhələnin icrasına isə yaxın gələcəkdə start veriləcək.

Rəis müavini deyib ki, birinci mərhələdə Əhalinin Dövlət Reyestrinin məlumat bazasının formalaşdırılması üçün ötən əsrin 20-30-cu illərindən sonra qəbul edilmiş vətəndaşlıq vəziyyəti aktlarının, kağız arxivinin elektron variantının hazırlanmasına başlanıb: "Arxivdə ötən əsrin 20-30-cu illərinə aid 20 milyondan çox sənəd var . İndiyədək bir milyondan artıq sənəd elektron bazaya daxil edilib. Bu il isə 5 milyon sənədin elektron variantının hazırlanması nəzərdə tutulub. Bütün sənədlərin elektron bazaya salınması işini 3-4 ilə yekunlaşdırmağa çalışacağıq".

Hər iki mərhələdə vətəndaşlıq vəziyyəti aktlarının elektron şəklə keçirilməsi və onun əsasında informasiya resursunun hazırlanması nəzərdə tutulub.

Nəcəfovun sözlərinə görə əhalinin reyestrinin aparılması respublikda əhalinin miqrasiyasının vəziyyətini, anadan olan uşaqların qeydiyyatının düzgün aparılmasını müşahidə etməyə imkan verəcək.

Həmsinin bu məlumat bazasının yaradılması vahid ünvan təsnifatlarının tətbiq olunmasına kömək edəcək. "Vahid ünvan təsnifatının aparılması əhalinin siyahıya alınmasında,seçkilərdə səmrəli nəticə verəcək. Hər bir şəhərin, küçənin, ünvanın bir mənalı təsnifatı olacaq. Həmin ünvan Əhalinin Dövlət Reyestrində və digər informasiya sistemlərində istifadə olunacaq. Həmin təsnifatda olan məlumatlar daşınmaz əmlak, əhali ilə bağlı sistemdə də tətbiq olunmalıdır",-deyə nazirlik rəsmisi bildirib.

Dövlət Reyestrində saxlanılan məlumatların əldə olunması, işlənməsi, verilməsi və ya istifadəsi məhdudlaşdırılmış informasiya kateqoriyasına aid edildiyini deyən Nəcəfov bildirib ki, bu məlumatların mühafizəsini dövlət öz üzərinə götürüb.

"Bu məqsədlə də bizim Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsində insan hüquqlarının qorunması haqqda Avropa Konvensiyasına qoşulmağımız üçün müvafiq tədbirlər görülür. Mühüm informasiya bazalarına daxil olan xarkerlərdən bu məlumatları mühafizə etmək üçün ən müasir qorunma sistemlərini tətbiq edəcəyik"-deyə rəis müavini bildirib.

2004-cü ildə prezidentin fərmanları ilə əhalinin dövlət reyestrinin yaranması və aparılması qaydaları təsdiq olunub.

2006-cı ildə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında qanun qəbul olunub.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti