...

Azərbaycan ziyalıları "Azadlıq" qəzetini məhkəməyə verəcək

Cəmiyyət Materials 22 Aprel 2008 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir C.Babayeva/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun bir qrup üzvü çərşənbə axşamı keçirdikləri mətbuat konfransında "Azadlıq" qəzetinin məhkəmə məsuliyyətinə cəlb edilməsini tələb edib.

Bu tələb "Azadlıq" qəzetində AMEA-nın Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov, Akademiyanın müxbir üzvü Tofiq Hacıyev, filologiya elmləri namizədləri İslam Sadıq və Məhərrəm Qasımlı haqqında böhtan xarakterli yazıların dərc olunması ilə əlaqədardır.

İnstitutun əməkdaşlarının bildirdiyinə görə, həmin yazılara görə "Azadlıq" qəzeti üzr istəməzsə, institutun 250 nəfərlik kollektivi qəzetin bağlanması tələbi ilə məhkəməyə müraciət edəcək.

Həmin yazıların müəllifi Anar Niftəliyev Folklor İnstitutunun keçmiş əməkdaşıdır. Niftəliyev həmçinin "Bir ömürlük mübarizə" kitabının müəllifidir. O, Folklor İnstitutunun direktoru Hüseyn İsmayılovdan xəbərsiz onu kitabın redaktoru kimi təqdim edib. Kitabda keçmiş prezident Heydər Əliyevin siyasi fəaliyyəti heç bir əsas olmadan tənqid olunub. Bu faktla əlaqədar Səbail rayon məhkəməsinin çıxardığı qərarları Niftəliyev indiyədək yerinə yetirməyib.

"Azadlıq" qəzetinin direktoru Azər Əhmədovun Trend -a bildirdiyinə görə, "Azadlıq" qəzeti əməkdaşının hər hansı bir yazısına görə üzr istəməyəcək.

"Azərbaycan ziyalılarının bu cür mövqe nümayiş etdirməsi təəssüf doğurur", deyə Əhmədov deyib.

Xəbər lenti

Xəbər lenti