Azərbaycan, Bakı, 23 aprel /müx. TrendLife Türkan İmaməliyeva/
Dünya şöhrətli muğam ustası, xalq artisti Alim Qasımovun yaradıcılıq yenilikləri hər kəsin diqqət mərkəzindədir. Yəqin elə bu səbəbdəndir ki, bir çox gənc sənətçilər onunla duet oxumaq arzusunda olurlar. Hətta bəziləri Alim Qasımovun razılığını almadan belə onunla duet oxuyacaqları barədə məlumatlar verməklə gündəmdə qalmağa cəhd göstərirlər. O, böyük sənətkar olmaqla yanaşı, həm də könül qıran insan deyil. Reper Elşad Xosenin də Alim Qasımovla duet oxuyacağı məlumatı əməlli-başlı səs-küyə səbəb olub. Əgər söhbət Alim Qasımovdan gedirsə, burada məsələ bir az da qəlizləşir. Çünki xanəndə sənətini ucuz reklamın qurbanı etməyib. Sənətçi bu xəbəri TrendLife-a belə açıqlayıb. "Sözün düzü, siz deyənə qədər yadıma düşmürdü. İndi yadıma düşdü ki, deyəsən, bir dəfə Xose mənə yaxınlaşıb. Lakin konkret olaraq onunla duet oxuyacağıma razılıq verməmişəm. Ümumiyyətlə, mən sənətə ciddi yanaşmağı sevirəm. Əgər onu tam dinləməsəm, sənətinə bələd olmasam, təbii ki, duet oxumağımdan söhbət gedə bilməz"
Söhbət zamanı o da məlum oldu ki, yaxın zamanlarda Alim Qasımov Misirə qastrol səfərinə yola düşəcək.