...

Xalq artisti Hacı İsmayılov erməni obrazını yaratdı

Cəmiyyət Materials 30 Aprel 2008 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /müx. TrendLife Türkan İmaməliyeva/

Dünən xəbər verdiyimiz kimi Milli Dram Teatrında "İrəvanda xal qalmadı" tamaşasının primyerası oldu. Əsərdə Hacı İsmayılov erməni obrazını yaradıb. Bədxah qonşunun obrazını yaratmaq heç də asan olmadığını söyləyən aktyor TrendLife-a bunları söylədi. "Peşəkar aktyor üçün rolun böyük-kiçikliyi, obrazın mənfi və ya müsbətliyi önəmli olmamalıdır. Həqiqətən erməni obrazını yaratmaq heç də asan deyil. Bu obrazı yaradarkən həm tamaşaçını inandırmaq həm də onun bir düşmən kimi xislətini üzə çıxarmaq gərəkdir. Hesab edirəm ki, bu obraz digərlərindən daha çətin görünür. Uzun illər İrəvan Teatrında çalışmışam. Elə Hidayət Orucovu da o zamanlardan tanıyıram. Sovet dövründə İrəvanda olarkən ermənilərin yaltaq, məkrli sifətlərini görmüşəm. Yadımda qalan nüansları bu obrazda göstərməyə çalışmışam".

Xalq artisti onu da bildirib ki, Milli Dram Teatrında Hüseyn Cavidin "Şeyda" pyesi əsasında tamaşa səhnələşdiriləcək. Tamaşanın rejissoru Mərahim Fərzəlibəyov olacaq. Hələ ki rol bölgüsü aparılmadığı üçün Hacı İsmayılovun hansı obraz oynayacağı konkretləşməyib. Onunla söhbət zamanı kino sahəsində yeniliklərin olub-olmadığını da soruşduq. İlk növbədə teatr aktyoruyam söyləyən xalq artisti kinonun da vacibliyini vurğuladı. "Əlbəttə ki, teatrla müqayisədə kino daha uzunömürlüdür. Teatrda bir obrazı bir il, iki il oynaya bilərsən. Kinoda yaratdığın obraz illərlə qalır. Ancaq teatr sahəsində canlı obraz yaratmaq heç də asan deyil"

Gənc nəsil barədə də fikirlərini söyləyən Hacı İsmayılov bildirdi bu günün gənclər üçün hələ ki yetərincə meydan açılmayıb: "Əvvəllər sovet dövründə gənc aktyorlar sənətlərini, potensiallarını nümayiş etdirmək üçün özlərini sübut edə bilirdilər. Bunun üçün şərait var idi. İldə bir neçə kino çəkilirdi. Bu da gənc aktyorların yetişməsi, özlərini sübutu üçün önəmli idi. Bu gün isə təəssüf ki, hələ də kino sahəsində lazımi qədər dirçəliş görünmür. Gənc nəslin nümayəndələrinə, gənc aktyorlarımıza lazımi şərait yaradılarsa, onlar arasında da yetərincə potensialı olan aktyor, aktrisalar var".

Xəbər lenti

Xəbər lenti