...

Rusiya və Avropa ölkələrində istehsal olunan köhnə avtomobillərin Azərbaycanda istifadəsinə məhdudiyyət qoyulması nəzərdə tutulur - nazir

Cəmiyyət Materials 2 Dekabr 2008 15:51 (UTC +04:00)
Rusiya və Avropa ölkələrində istehsal olunan köhnə avtomobillərin Azərbaycanda istifadəsinə məhdudiyyət qoyulması nəzərdə tutulur - nazir

Azərbaycan, Lənkəran, 02 dekabr / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın ekologiya və təbii sərvətlər naziri bildirib ki, havaya normadan artıq zərərli maddələrin buraxılmasının qarşısının alınması üçün Nazirlər Kabinetinə təqdim olunan Proqram nazirliklərdə müzakirə edilir.

"Müzakirələrdə daha çox köhnə avtomobillərin gətirilməsinə qadağa qoyulması irəli sürülür. Bundan başqa, Rusiyada və Avropa ölkələrində istehsal olunan köhnə avtomobillərdən istifadəyə məhdudiyyət qoyulması da nəzərdə tutulur", - çərşənbə axşamı jurnalistlərə nazir Hüseynqulu Bağırov bildirib.

Trend - un arayışı: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifləri qəbul olunarsa, inkişaf etmiş ölkələrdən 5, Rusiyadan , eləcə də digər MDB ölkələrindən 3 ildən çox istismar olunan avtomaşınların ölkəyə gətirilməsi qadağan ediləcək; ekoloqların fikrincə, Azərbaycanda atmosferi ən çox köhnə avtomobillər çirkləndirir. Nazirliyin hazırladığı "Avtomobillərdən atmosferə atılmanın texniki normativlərinin Avropa standartlarına uyğunlaşdırılması üzrə tədbirlər planı" artıq hökumətə təqdim olunub. Havanın çirklənməsində avtomobillərin rolu 40 -50 faiz təşkil edir. Sovet dövründə və sonrakı illərdə Rusiya istehsalı olan bəzi avtomaşınların atmosferi daha çox çirkləndirdiyi artıq təsdiq olunub. Ölkəmizdə avtomaşınlardan tullantılara nəzarət normativlərinin Sovet dövrünə aid olması da problemin həllinə mane olur. Hökumətin qarşısında duran məsələ yeni standartlara -"Avro- 2", "Avro-3"-ə keçiddir. Təkliflər qüvvəyə mindikdən sonra inkişaf etmiş ölkələrdən 5 ildən, Rusiya və digər MDB ölkələrindən 3 ildən artıq istismar olunmuş avtomobillər Azərbaycana buraxılmayacaq. Hökumət bu yolla ölkədə köhnə avtomobillərin sayını azaltmağa çalışır. Layihədə ölkəmizin "Avro-2"yə keçidi 2010- cu ilə nəzərdə tutulub. Lakin planda, həmin vaxtadək daxildə istehsal olunan dizel yanacağının standartlara cavab verməyəcəyi də nəzərə alınıb. "Avro-3"-ə keçidsə, 2012 - ci ildə baş tutmalıdır. İndi Avropa ölkələri "Avro-5"- ə keçməyə hazırlaşır.

Bağırov hesab edir ki, paytaxtın ekoloji problemlərini həll etmək üçün yanacaq istehsal edən müəssisələrdə texnologiyalar yeniləşdirilməlidir. Bu məqsədlə də əlavə proqramın hazırlanmasına ehtiyac var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti