...

Azərbaycanda ömürlük həbs cəzasına məhkum edilmiş keçmiş XTPD üzvünün həyatına təhlükə yaranıb - Ombudsman

Cəmiyyət Materials 18 Dekabr 2008 11:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ Dövlət çevrilişinə cəhd və digər ağır cinayətlərə görə ömürlük azadlıqdan məhrum edilmiş keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) komandiri cəza çəkdiyi həbsxanada həyatına yaranmış təhlükə barədə Ombudsmanı məlumat verib.

Cümə axşamı Ombudsman Aparatının mətbuat xidmətindən Trend -a verilən məlumata görə, Aparatın nümayəndələri Elçin Əmiraslanovla müalicə olunduğu Müalicə Müəssisəsində görüşüb.

Əmiraslanov cəza çəkdiyi qapalı həbsxanada hüquqlarının pozulduğunu qeyd edib. O, həbsxana rəhbərliyinin qərəzli münasibətinə və saxlama şəraitinə etiraz kimi bir neçə dəfə uzunmüddətli aclıq aksiyası keçirdiyini, bunun nəticəsində səhhətində yaranmış problemlərlə bağlı Müalicə Müəssisəsinə köçürüldüyünü deyib. Əmiraslanov müəssisədə aclıq aksiyasını dayandırdıqdan sonra bir müddət müalicə aldığını və sağlamlığı bərpa olunduqdan sonra həbsxanaya qaytarıldığını bildirib.

Məhkum həbsxanada daha öncə saxlanıldığı və öz hesabına təmir etdirdiyi kameraya deyil, əvvəllər cərimə otağı kimi nəzərdə tutulmuş və hazırda müəssisə rəhbərliyinin saxlama kamerası kimi istifadə etdiyi, standartlara uyğun olmayan kameraya yerləşdirildiyini qeyd edib. O, həbsxana rəisi Kazım Abdullayevin bunları qəsdən etdiyini diqqətə çatdırıb.

Əmiraslanov bir neçə dəfə həbsxana əməkdaşlarının fiziki və mənəvi təzyiqlərinə məruz qaldığını bildirib. Məhkum etiraz əlaməti olaraq bu il noyabrın 28-də aclıq aksiyasına başladığını və dekabrın 8-də təkrarən Müalicə Müəssisəsinə köçürüldüyünü qeyd edib. O, hazırda müalicə aldığını, qapalı həbsxanaya yenidən qaytarılacağı təqdirdə həyatının təhlükə qarşısında olduğunu diqqətə çatdırıb.

Ombudsman göstərilənləri nəzərə alaraq, Əmiraslanovun təhlükəsizliyinin təmin olunmasına və onun əvvəllər saxlanıldığı kameraya köçürülməsinə göstəriş verilməsi ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət edib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən cümə axşamı Trend -a bildiriblər ki, həbsxanada Əmiraslanova qarşı heç bir təzyiq yoxdur və onun təhlükəsizliyi tam təmin olunub.

Əmiraslanov 1994-cü ilin martında dövlət çevrilişində iştiraka görə həbs olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti