...

Azərbaycan parlamentinin üzvü intihar hadisələrinin böyük qisminin ailə zorakılıqları ilə bağlı olduğunu iddia edir

Cəmiyyət Materials 25 Dekabr 2008 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dekabr / Trend , A.Hüseynbala / Azərbaycan Uşaq Təşkilatının sədri, millət vəkili uşaqlara qarşı zorakılıq faktlarını pisləyir.

"Azərbaycanda uşaqlarla bağlı əsas problem zorakılıqdır. Ailə üzvləri çalışırlar ki, bu problemi üzə çıxartmasınlar. Bunu çox vaxt ailə məsələsi hesab edirlər", - cümə axşamı Trend -a Azərbaycan Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova bildirib.

Trend -un arayışı: Azərbaycan prezidentinin bu həftə imzaladığı sərəncama əsasən 2009-cu il "Uşaq ili" elan olunub.

Onun sözlərinə görə, uşaqların zorakılığa məruz qalması bir ailənin hüdudunda qalacaq məsələ deyil.

"Psixoloji tədqiqatlar göstərir ki, uşaqlıqda döyülən hər hansı insan istənilən halda aqressiya hissi ilə böyüyür. Onun aqresiyyası nə vaxtsa kiməsə qarşı yönəlməlidir", - Əhmədova vurğulayıb.

Əhmədova qeyd edib ki, Azərbaycanda baş verən intihar hadisələrinin böyük əksəriyyəti ailə zorakılıqları ilə bağlıdır. "Bəzən çox yanlış olaraq bunun səbəbini sosial-iqtisadi problemlərlə izah edirlər. Amma mən elə ailələr göstərə bilərəm ki, yaşayış səviyyəsi yüksək olmasa da, hamı xoşbəxtdir. Bunun səbəbi isə ailədə psixoloji durumun normal olması ilə bağlıdır", - təşkilat sədri əlavə edib. 

Əhmədova Konstitusiyaya nəzərdə tutulan bir dəyişikliyin də uşaqlarla bağlı problemlərin həllinə müsbət təsir göstətəcəyini istisna etmir.

"Konstitusiyanın əvvəlki variantında qeyd edilirdi ki, valideynlər uşaqlara görə borcludurlar və buna dövlət nəzarət edir. Konstitusiyaya nəzərdə tutulan dəyişiklikdə isə bütün nəzarət dövlətin üzərinə qoyulur" - millət vəkili bildirib.

Onun fikrincə, bundan sonra həm Ailə Məcəlləsinə, həm də "Uşaq hüquqları haqqında" Qanuna əlavə və dəyişikliklər edilməlidir.

"Mən çox istərdim ki, qanunlarda orta məktəblərimizin Azərbaycan bölməsində şagirdlərə qarşı zorakılıq edən müəllimlərə, eləcə də ailəsində uşaqlarına qarşı zorakılıq hallarına yol verən valideynlərə qarşı çox ciddi tədbirlər nəzərdə tutulsun", - Əhmədova deyib.

Əhmədova qeyd edib ki, məktəblərdə şagirdlərlə zorakılıqla davranan müəllimlər, ümumiyyətlə pedoqoji fəaliyyətdən uzaqlaşdırılmalıdır. "Zorakılıq edən valideynlərə qarşı isə Avropadakına bənzər şəbəkə qurulmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]



Xəbər lenti

Xəbər lenti