...

Bakıda baş vermiş partlayışla bağlı cinayət işinin istintaqı yekunlaşıb

Cəmiyyət Materials 3 Mart 2009 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir K.Zərbalıyeva /

Ötən ilin noyabrında Bakıda xəstəxanaların birində baş vermiş partlayışla bağlı cinayət işinin istintaqı yekunlaşıb.

Bakının Qaradağ rayon prokurorluğundan çərşənbə axşamı Trend -a verilən məlumata görə, cinayət işi yaxın günlərdə baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndəriləcək.

Trend -un arayışı: Ötən il noyabrın 25-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində 19 saylı xəstəxanada partlayış baş verib. Nəticədə xəstəxananın cərrahı və tibb bacısı ciddi xəsarət alıblar. Cərrah Rəvayət Mütəllimov sağ əlini və sağ gözünü itirib.

Hadisəni törədən Bakı sakini, 1969-cu il təvəllüdlü Sabir Hüseynov həbs edilib və təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Fakt üzrə Cinayət Məcəlləsinin ümumi təhlükəli üsulla adam öldürməyə cəhd (29,120.2.4) və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228 - ci) maddələri ilə cinayət işi başlanılıb.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, həmin gün, gecə növbəsindən çıxan həkim-cərrah Rəvayət Mütəllimov otaqdakı şkafdan köynəyini götürərkən, onun arasında parçaya bükülmüş ağır bir əşyanın olduğunu aşkar edib. Əşyaya baxmaq istərkən qumbara detonatorunun açılmasını bildirən səs eşidib və dərhal onu kənara atıb. Əşyanın partlaması nəticəsində, Rəvayət Mütəllimov və orada olan tibb bacısı Reyhan Pirquliyeva ağır bədən xəsarətləri alıblar. Qumbaranın Müşfiqabad qəsəbəsində qeydiyyatda olan, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvü Sabir Hüseynov tərəfindən xəstəxananın cərrahiyyə şöbəsinin müdiri İlyas Həmidovun həyatına qəsd etmək məqsədi ilə gətirildiyi müəyyənləşdirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti