...

Azərbaycan bədii gimnastika üzrə dünyanın aparıcı ölkəsidir - Rusiya millisinin baş məşqçisi

Cəmiyyət Materials 11 Mart 2009 13:42 (UTC +04:00)
Azərbaycan bədii gimnastika üzrə dünyanın aparıcı ölkəsidir - Rusiya millisinin baş məşqçisi

Rusiya, Moskva, 11 mart / Trend müxbir R.Ağayev /

 

Trend -un Rusiya Gimnastika Federasiyasının prezidenti, bu ölkənin yığma komandasının baş məşqçisi və Azərbaycan komandasının məsləhətçisi İrina Vinerlə müsahibəsi


- Əvvəlcə icazə verin sizi dövlət mükafatı - "Vətən qarşısında xidmətlərə görə III dərəcəli" ordenlə təltif olunmağınız və arxada qalmış 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edim.

- Sağ olun. Bilirsiz, elə alındı ki, bu mükafatı mənə Rusiya prezidenti Dmitri Medvedyev Kremldə qadınlar günü ərəfəsində təqdim etdi. Odur ki, bayram lap yerinə düşdü. Çoxlu, o cümlədən də başqa federasiyalardan təbriklər gəldi. Azərbaycanlı dostlar isə ən birinci təbrik etdilər.

- Azərbaycanın bədii gimnastika komandasının Bakıda keçiriləcək Avropa çempionatına hazırlığını necə qiymətləndirirsiniz?

- Hələ ki komanda tam hazır deyil, baxmayaraq ki, proqramlar və musiqi müəyyən edilib, kompozisiyalar 70 faiz yerinə yetirilib. İlk baxış Moskvadakı Qran-Pridə baş tutdu, amma biz qızlarda bəzi problemlər gördük. Hazırda onları aradan qaldırırıq və qızlar müxtəlif yarışlarda - Qran-Prilərdə, Dünya Kuboklarında iştirak edəcəklər və məhz Azərbaycan komandasının Bakıda Avropa çempionatındakı startına hazırlaşacaqlar.

- Qısa müddətdə azərbaycanlı gimnastların və ümumilikdə komandanın peşəkarlıq səviyyəsinin artma səviyyəsini necə qiymətləndirirsiz? Bu nəticələri necə əldə etmək mümkün oldu?

- Çox şey danışmaq olar, amma ən yaxşısı statistikaya baxmaqdır. Statistika hər şeyin doğrudan da necə olduğunu göstərən bir elmdir. Hələ 7-8 il əvvəl Azərbaycanı nisbətən zəif axında çıxış edən Dinara Gimatova təmsil edirdi. O tək idi. Ancaq o zamandan bəri Azərbaycan güclü komandaya çevrilib və tam heyətlə çıxış edir. Üstəlik, Azərbaycan 2007-ci Avropa çempionatı və dünya çempionatında üçüncü yeri tutdu. Aliyə Qarayeva iplə hərəkətlərdə qızıl medala layiq görülüb. Qızlar həmçinin Pekin Olimpiya oyunlarında da çıxış etdilər və onların bu çıxışı yetərincə layiqli və inamlı oldu. Qrup yarışlarında da Azərbaycan yüksək nəticələr əldə edib. Mən düşünmürəm.

Olimpiya oyunlarına düşmək böyük qələbədir, çünki ora dünyanın 10 ən güclü komandası qoşulur və Azərbaycan onlardan biri idi. Üstəlik, Olimpiya oyunlarında Azərbaycan 8 ən güclü komanda sırasına daxil olaraq Ukrayna və Ispaniya kimi milliləri arxada qoymağı bacardı. Onlar isə çox güclü komandalardır. Xüsusilə İspaniya komandasını qeyd etmək lazımdır, çünki bu komanda vaxtilə Olimpiya çempionu olub. Buna görə də mən hesab edirəm ki, Azərbaycan bədii gimnastikasında böyük irəliləyiş baş verib.

Bütün bunlar ona görə mümkün olub və baş verir ki, Azərbaycan Gimnastika Federasiyası və şəxsən onun prezidenti Mehriban xanım Əliyeva komandanın həm fərdi, həm də qrup halında çalışmaları üçün ən yaxşı şəraiti yaradıb. Bu mövqedən çıxış edərək demək olar ki, peşəkar məşqçilər qızları hazırlaya biliblər və gimnastlar bədii gimnastikada mümkün olan ən yaxşı şəraitdə məşq edirlər.

- Rusiya komandası Bakıdakı Avropa çempionatına nə dərəcədə hazırdır?

- Rusiya komandasına gəlincə də eyni sözləri deyə bilərəm. Ölkə başqa idman növlər üçün olduğu kimi, bədii gimanstika üçün də əlindən gələni edib ki, məşqlər ən yaxşı bazada, ən yaxşı şəraitdə keçsin. Biz yarışlara çıxışları buraxmamağa çalışırıq və bizim əsas heyətə düşmək uğrunda yarışan böyük kontingentimiz var.

Biz hələ Bakıya gətirəcəyimiz heyəti müəyyən etməmişik. Olimpiya çempionu Yevgeniya Kanayevanın dörd yeni hərəkəti var və yaxşı formadadır. Ümid edirik ki, o, Bakıdakı Avropa çempionatına da eyni hazırlıq səviyyəsində yanaşa biləcək. Ayrı-ayrı növlərdə dünya çempionu olmuş Vera Sesina Yevgeniya Kanayeva ilə birlikdə son zamanlar yaxşı nəticələr əldə edib. Onların arxasınca isə böyük bir gənc gimnast qrupu gəlir ki, onlar da yetərincə maraqlı və uğurlu çıxış ediblər. Biz Rusiya komandasının heyətini təqdim etməyə hazırıq. Təəssüf ki, Avropa çempionatında cəmi 3 idmançımız çıxış edə bilər. Yaponiyadakı dünya çempionatında isə artıq 12 hərəkət üzrə yarışlar olacaq və buna görə də orada üç gimnastın tam proqramla, birinin isə bir hərəkətdə çıxış etmək imkanı olacaq.

- Bakıda artıq neçənci dəfədir ki, beynəlxalq səviyyəli yarışlar keçirilir. Demək olarmı ki, Azərbaycan rəhbərliyinin idmana xüsusi diqqəti nəticəsində Bakı dünya idmanının beynəlxalq dərəcədə tanınmış mərkəzlərindən birinə çevrilib?

- Mən belə deyərdim: Azərbaycan bədii gimnastika üzrə dünyanın aparıcı ölkəsidir. Əsas olan da budur. İkincisi, heç də ikinci dərəcəli olmayan bir şey - Azərbaycanda, xüsusilə də Bakıda yarışlar baş tutan zaman, baxmayaraq ki, biletlər Mərkəzi Avropada daha ucuz olur, bütün iştirakçılar və qonaqlar ən böyük nümayəndə heyəti ilə bura gəlməyə can atırlar. Onlar buradakı gözəlliyi, dənizi, bu şəhəri, bu qəbulu, idmançıların qaldığı mehmanxanalardakı qidanı, mehribanlığı və qonaqpərvərliyi, bir sözlə Azərbaycan xalqını fərqləndirən bütün gözəllikləri görmək üçün bura axışırlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti