...

Hollandiyanın qadınlar xor kapellası "Sarı gəlin" xalq mahnısını Azərbaycan dilində ifa edib

Cəmiyyət Materials 12 Mart 2009 16:48 (UTC +04:00)
Hollandiyanın qadınlar xor kapellası "Sarı gəlin" xalq mahnısını Azərbaycan dilində ifa edib

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir K.Zərbalıyeva / Hollandiyanın Groningen şəhərinin qadınlar xor kapellası "Sarı gəlin" xalq mahnısını Azərbaycan dilində ifa edib.

Azərbaycanın Hollandiyadakı səfirliyindən Trend -a verilən məlumata görə, Niderland Krallığının "Azərbaycanın Holland Dostları" İctimai Birliyi və yerli hökumət Haarlem şəhərində təşkil olunan "Mədəniyyətlərarası Dialoqda Qadınların Rolu" mövzusunda keçirilən tədbirdə bu ölkədə yaşayan azərbaycanlı musiqiçi Firəngiz Bağırova, tədbirə dəvət olunmuş Tünzalə Ağayeva, Elza Seyidcahan və Azərin holland tamaşaçıları qarşısında milli, klassik və caz musiqisindən ibarət nümunələrlə çıxış ediblər.

Tədbirdə Haarlem şəhərinin meri cənab B.Şnayders, Niderland cəmiyyətində böyük nüfuza malik siyasətçi, jurnalist və elm adamları, tanınmış holland ziyalıları və Azərbaycanın Niderland Krallığındakı səfiri Fuad İsgəndərov, Milli Məclisinin deputatı Elmira Axundova iştirak edib.

"Azərbaycanın Holland Dostları" təşkilatının icraçı direktoru Marion van der Veq tədbirin Hollandiyada keçirilməsi ideyasının ötən il Azərbaycanda ölkənin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın başçılığı ilə təşkil olunmuş "Mədəniyyətlərarası Dialoqda Qadınların Rolu" adlı Forumunda Niderland nümayəndə heyətinin iştirakından sonra yarandığını qeyd edib.

O bildirib ki, Azərbaycan bir tərəfdən öz tolerantlığı, dünyəviliyi və gender bərabərliyinə görə nümunəvi   Avropa dövləti, digər tərəfdən isə milli və dini ənənələləri qoruyub inkişaf etdirməyə qadir bir ölkə kimi beynəlxalq ictimaiyyətdə tanıdılmalıdır.

Van der Veq hesab edir ki, Azərbaycanın sivilizasiyalararası dialoqun təşkil olunması, bu proseslərdə qadınların fəal iştirakının təmin edilməsi istiqamətində topladığı təcrübə holland cəmiyyəti tərəfindən dərindən öyrənilməlidir.

Bədii proqram çərçivəsində mövzuya dair Azərbaycan haqqında film nümayiş olunub.

Tədbirin konfrans hissəsində Niderlandın tanınmış tədqiqatçıları Azərbaycanın gender siyasətində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti