...

Moskvadakı oyundan sonra insanlar görsələr ki, futbol dünyasında Azərbaycan adlı yeni bir ölkə peyda olub, çox sevinəcəm - Berti Foqts

Cəmiyyət Materials 27 Mart 2009 21:34 (UTC +04:00)
Moskvadakı oyundan sonra insanlar görsələr ki, futbol dünyasında Azərbaycan adlı yeni bir ölkə peyda olub, çox sevinəcəm - Berti Foqts

Rusiya, Moskva, 27 mart / Trend müxbir R.Ağayev / Rusiya və Almaniya yığmaları sözsüz ki, qrupumuzun favoritləridir. Belə bir bəyanatla bu gün Moskvada keçirilən brifinqdə Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi Berti Foqts çıxış edib.
Foqtsun fikrincə, Moskvadakı soyuq hava azərbaycanlı futbolçulara mane olmayacaq. "Bakıda da indii soyuq hava var. Moskva və Bakıdakı hava durumu oxşardır və bu, bizim üçün maneə deyil" - deyə o vurğulayıb.
Məşqçinin sözlərinə görə, əgər Azərbaycan yığmasının hər bir üzvü Rusiya ilə oyun zamanı yaxşı oyun nümayiş etdirsə və bu matçdan sonra insanlar xəritəyə baxaraq futbol dünyasında Azərbaycan adlı yeni bir ölkənin olduğunu görsələr, o çox sevinəcək.
Bununla yanaşı Foqts hesab edir ki, oyunun taleyini ayrı-ayrı futbolçular həll etmir. "Futbol - komanda oyunudur. Dəfələrlə demişəm ki, Rusiya yığması dünya yığmaları arasında ən yaxşılardan biridir", - deyə o vurğulayıb.
Foqts həmçinin Azərbaycanın İngiltərədən sonra Lujnikidəki stadionu dolduran ilk ölkə olduğundan məmnun qaldığını bildirib. "Bu bizi çox məmnun edir. Mən komanda üzvlərinə müəyyən tapşırıqlar vermişəm. Lakin bunun hansı nəticə verəcəyini oyun göstərəcək", - deyə o əlavə edib.
Azərbaycan yığmasında tutduğu postdan danışan Foqts bildirib ki, Azərbaycan yerinə yetirəcək bir missiyası var. "Bizim və mənim məqsədim ondan ibarətdir ki, Azərbaycanla AFFA yaxın 4-5 ildə Avropa futboluna qoşulsunlar. Bunun üçün zamana ehtiyac var. AFFA bu istiqamətdə yaxşı iş görür, bizə kömək edir. Lakin konkret nəticələrin əldə edilməsi üçün bir il bəs etmir", - deyə o bildirib. 
Foqts həmçinin deyib ki, Azərbaycandakı fəaliyyəti dövründə futbolçuların istər fiziki, istər də taktiki cəhətdən inkişafına nail ola bilib. "Müsbət dəyişikliklər var. Lakin mənə klub məşqçilərinin yardımı lazımdır. Azərbaycandakı problem ondan ibarətdir ki, klublarda az məşq edirlər. Belə isə inkişaf səviyyəsindən razıyam. Ölkədə futbol infrastrukturu inkişaf edir, məşq meydançaları istifadə verilir və s. Futbolçularıma gəldikdə isə onların fiziki hazırlığı son bir ildə 40 faiz artıb və bu, yaxşı nəticədir. Bizə vaxt lazımdır və əgər bu istiqamətdə davam etsək, hər şey yaxşı olacaq. Güclü Rusiya yığmasından da çox şeyi öyrənmək olar", - deyə məşqçi bildirib
Trend müxbirinin sualını cavablandıran Foqts bildirib ki, Avropa çempionatında Rusiya yığmasının bütün oyunlarını izləyib və bu komandanın ən yaxşı olduğunu düşünür. "Rusiyalı futbolçular böyük güc və sürətlə seçilirdilər. Təəssüf ki, onlar ispanlara məğlub oldular. Yəqin ki, bu, İspaniya futboluna böyük hörmətdən irəli gəlib. Lakin daha yaxşı hazırlaşsa idilər, İspaniya yığmasını da məğlub edə bilərdilər. Rusiya yığmasının inanılmaz inkişafında Qus Hiddink məxsusi rol oynayıb və oynayır. Burada həmçinin onun həmkarı Dik Advokatın rolu var. Rusiyanın Azərbaycan və Almaniya yığmaları ilə oyunlarını nəzərə almasaq, Rusiya yağmasına və Hiddinkə uğurlar arzulayıram", - deyə o vurğulayıb.
Foqts həmçinin etiraf edib ki, Rusiya yığmasının bəzi üzvlərini Azərbaycan millisinə cəlb etmək istərdi. Lakin onlar Rusiyanın olimpiya yığmasında çıxış etdikləri üçün bu, qeyri-mümkündür.

Xəbər lenti

Xəbər lenti