...

Ankarada azərbaycanlı şairənin "Bitməyən xəzan" adlı kitabının təqdimatı keçirilib

Cəmiyyət Materials 30 Mart 2009 12:03 (UTC +04:00)
Ankarada azərbaycanlı şairənin "Bitməyən xəzan" adlı kitabının təqdimatı keçirilib

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir K.Zərbalıyeva /

Ankaranın Avrasiya Yazarlar Birliyi ilə Türkiyənin Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycanın Nizami Gəncəvi ocağında yazıb yaradan şairə Xəzangül Hüseynovanın "Bitməyən xəzan" adlı kitabının təqdimat mərasimi keçirilib.

Türk dünyasında ədəbi əlaqələr getdikcə artır. Türkiyədə azərbaycanlı ədiblərin kitablarının nəşri, əsərlərinin səhnələşdirilməsi ənənəvi hal alıb. Şairə Xəzangül Hüseynovanın "Bitməyən xəzan" adlı şeir kitabı da Türkiyədə işıq üzü görüb. Ankaranın Bengü nəşriyyatında nəfis şəkildə nəşr edilmiş kitabın redaktoru Cihan Özdəmirdir.

Bundan öncə Avrasiya Yazarlar Birliyində Azərbaycandan olan yazıçı-ədib Cəlil Məmmədquluzadə, yazıçı Anar, şair Ramiz Rövşən və digərlərinin kitabları nəşr olunub.

"Bitməyən xəzan" adlı kitabın təqdimat mərasimində Türkiyənin tanınmış yazıçıları, ədəbi tənqidçilər, xarici ölkələrin diplomatik missiyalarının nümayəndələri, nüfuzlu kütləvi informasiya vasitələrinin rəhbərləri, yerli ədəbiyyatsevərlər iştirak ediblər.

Mərasimdə Azərbaycanın Ankaradakı səfiri Zakir Həşimovun şairəyə ünvanlanan təbrik məktubu oxunub.

Xəzangül Hüseynovanın yaradıcılığını ətraflı təhlil edən Türkiyəli ədəbiyyatşünas Cihan Özdəmir bildirib ki, kitabda və ümumiyyətlə, şairənin yaradıcılığında məhəbbət, hicran, həsrət mövzularına həsr edilən çoxsaylı şeirlərlə yanaşı vətən, erməni zülmü, türk dünyası və digər mövzular da öz əksini tapır. Türkiyəli ədibin fikrincə, "Bitməyən xəzan" kitabı oxucuda dərin iz buraxacaq.

Yazıçı İmdat Avşar da Xəzangül Hüseynovanın öz yaradıcılığında ictimai hadisələrə həssas yanaşdığını, onun şeirlərində milli və ümumbəşəri çağırışların da səsləndiyini qeyd edib.

Bütün bunlar şairənin yaradıcılığının Türkiyədə də maraqla qarşılanmasını şərtləndirən amillərdir.

Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlu isə bildirib ki, Xəzangül Hüseynova Avrasiya Yazarlar Birliyinə üzv qəbul edilib. "Bundan sonra Birliyin üzvü kimi ədəbiyyatımıza tövhə verməyə davam edəcək", - Dəliöməroğlu deyib.

Şairə isə kitabının Türkiyədə nəşr edilməsini ulu öndər Heydər Əliyevin "Biz bir millət iki dövlətik" fikrinin ədəbiyyat sahəsindəki təzahürü kimi qiymətləndirir. "Biz bir millət iki dövlətik. Ədəbiyyatlarımız da qarışmalıdır. Düzdür, əvvəllər də əlaqələr olub, lakin bu, kifayət qədər deyildi. Bu cür tədbirlər bütün sərhədlərin aradan qalxmasına kömək edəcək. Mən bunu alqışlayıram", - şairə əlavə edib.

Mərasimdə "Bitməyən xəzan" kitabından şeirlər səslənib.

Xəzangül Hüseynova ilə Türkiyə oxucuları 1989 - cu ildən tanışdırlar. Şeirləri Ankarada "24 saat", "Kiçik çəkməçi", "Cankaya" qəzetlərində, İstanbulda nəşr edilən jurnallarda, İraqda çıxan "Yurd" qəzetində şeirləri dərc olunub.

Bu, şairənin sayca yeddinci, xarici ölkələrdə nəşr edilən ikinci kitabıdır. Bundan öncə isə onun Gürcüstanda "Şubhələr" adlı kitabı çap edilib.

1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Xəzangül Hüseynovanın şeirləri ötən əsrin 70 - ci illərindən dərc olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti