...

Azərbaycan gimnastı Slovakiyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb

Cəmiyyət Materials 13 Aprel 2009 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel / Trend , müxbir C.Babayeva /

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend -a verilən məlumata görə, Azərbaycan gimnastı Samirə Mustafayeva Slovakiyada keçirilən beynəlxalq turnirin bürünc medalını əldə edib.

"Lentlə hərəkətin final mərhələsində Mustafayeva 23.85 bal qazanaraq üçüncü yeri tutub", - Federasiyadan bildiriblər. Bratislava idman kompleksinin medal podiumuna azərbaycanlı gimnast Belarus və Rusiya idmançıları ilə birgə qalxıb.

Mustafayeva ip və topla bağlı digər final yarışlarında dördüncü, halqa ilə hərəkətlərdə isə səkkizinci nəticəni göstərib. Çoxnövçülükdə Mustafayeva 92.275 bal toplayaraq altıncı yeri tutub.

"Mustafayeva sabit çıxış etsə də, bir məşqçi kimi hazırki nəticə ilə qane olmuram. İrəlidə görüləsi çox işlər var", - gimnastın məşqçisi Marina Qovorova deyib.

Digər gimnastımız Anna Qurbanova Bakıda keçiriləcək Avropa çempionatına hazırlıq çərçivəsində Kiyevdə düzənlənən Qran-pri turnirində çıxış edib.

Yarışmada Qurbanova ümumi nəticədə 96.85 bal əldə edib. Ən yaxşı nəticəni iplə hərəkət zamanı göstərərək bu növdə altıncı olub. Turnirin qalibi isə rusiyalı Dariya Kondakovanı 5 bal qabaqlayan ev sahibi Anna Bessonova olub.

Qurbavnova Kiyevdən birbaşa Portuqaliyaya gedəcək. Orada 17-19 apreldə komanda yoldaşları Aliyə Qarayeva, Zeynəb Cavadlı və yaşca böyük qrupa aid Azərbaycan komandası ilə (Vəfa Hüseynova, Dina Qorina, Anastasiya Prasolova, Valeriya Yeqay, Ceyla Quliyeva və Nigar Mirzoyeva) birgə Dünya Kubokunda iştirak edəcək. Portuqaliyada həm də Azərbaycanın yeniyetmələrdən ibarət qrup komandasının iştirak edəcəyi beynəlxalq turnir də keçiriləcək. Daha bir beynəlxalq turnir həftəsonu baş tutacaq. Aprelin 15-18-də Yekaterina Prokopenko (1997-ci il təvəllüdlü) və Lalə Yusifovanın (1996-cı il təvəllüdlü) iştirakı ilə yeniyetmələr arasında beynəlxalq turnir keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti