...

Azərbaycan Hökuməti 16 ildə qaçqın və məcburi köçkünlər üçün 2 milyard dollar xərcləyib

Cəmiyyət Materials 18 İyun 2009 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir C.Babayeva /

Azərbaycan Hökuməti 16 ildə qaçqın və məcburi köçkünlər üçün 2 milyard dollar məbləğində vəsait xərcləyib. Trend -un məlumatına görə, bu barədə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Beynəlxalq Qaçqınlar Gününə həsr olunmuş tədbirdə deyib.

Trend -un arayışı: BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının siyahısında Azərbaycanda 600 min qaçqın və məcburi köçkünün olduğu göstərilib.

Azərbaycanda isə bir milyona yaxın qaçqın və məcburi köçkün yaşayır. Bunlardan 250 mini 1988-92-ci illərdə Ermənistandan qovulan etnik azərbaycanlılar, 50 mini 1992-ci ildə Özbəkistandan qovulan ahıska türkləri və üçüncü ölkədən gələnlər, 600 mini Azərbaycanın işğal olunmuş ərazilərindən gələnlər, 100 mini isə Azərbaycan-Ermənistanın sərhəd bölgəsindən gələnlərdir.

Komitə sədri bildirib ki, beynəlxalq təşkilatlar tərəfindən bu sahəyə 16 ildə 759 milyon dollar vəsait xərclənib.

Bu vəsaitin 200 milyon dolları BMT-nin, 360 milyonu ABŞ-ın qeyri-hökumət təşkilatlarının, qalan hissəsi isə xarici ölkələrin payına düşür.

Həsənov bildirib ki, Azərbaycan Hökuməti beynəlxalq təşkilatlarla birgə "Qayıdış" Proqramı hazırlayıb.

"Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həllini tapandan sonra qaçqınların işğaldan azad olunmuş ərazilərə mərhələli şəkildə qaytarılmasına hazırdır", - Həsənov vurğulayıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin rəhbəri Arun Sala Nqram bildirib ki, Azərbaycan Hökuməti qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində böyük səylər göstərir və bu sahədə müvəffəqiyyət əldə edir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti