Azərbaycan, Bakı, 10 iyul / Trend , müxbir T.Cəfərov /
Azərbaycanda bu il üçüncü ixtisas qrupu abituriyentlərinin bilik səviyyəsi azalıb. Bu barədə cümə günü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirib.
Onun sözlərinə əsasən, imtanlarda iştirak edən abituriyentlərin 25 faizi 0-100 bal toplayıb. "18,6 faizi 200-300, səkkiz faizi 500-700, 24 faizi 300-500, 23 faizi isə 100-200 bal toplayıb" , - Abbaszadə bildirib.
Bunun səbəbi kimi Abbaszadə orta məktəblərdə fənlərin lazımı səviyyədə tədris olunmamasını göstərib.
Komissiyanın sədri iyulun 12-də keçiriləcək birinci ixtisas qrupu üzrə imtahanlara hazırlıqlar barədə də məlumat verib.
Abbaszadənin sözlərinə əsasən. Bakıda, Sumqayıtda və Naxçıvanda imtahanların keçirilməsi üçün 60 bina ayrılıb. İmtahanlara 2 471 nəzarətçi müəllim və 243 imtahan rəhbəri nəzarət edəcək. Bu ixtisas qrupuna 35 811 abituriyentdən 32 963 nəfər ərizə verib. 2 848 abituriyent rus bölməsinə sənəd verib.
İmtahanlarda 22 252 oğlan, 13 559 qız iştirak edəcək.
Birinci ixtisas qrupu üzrə imtahan verəcək ən yaşlı abituriyentin 58, ən gənc abituriyentin isə 15 yaşı var.
Ərizə verənlərdən 15 050 abituriyent bu ilin məzunudur, 98 nəfəri artıq ali təhsili olanlar, 842 nəfəri orta ümumtəhsil müəssisələrinin məzunları, 195 nəfər isə xarici vətəndaşlardır.
Birinci ixtisas qrupu üzrə Bakıda keçirilən imtahanlarda 29 907 abituriyent, Naxçıvanda 1 363, Sumqayıtda isə 4 541 abituriyent iştirak edəcək.
Sualların düzgün cavabları imtahanlardan sonra "Space TV" telekanalında yayımlanan "Abituriyent" verilişində elan olunacaq. Veriliş zamanı test tapşırıqlarına da aydınlıq gətiriləcək.
Birinci ixtisas qrupu üzrə imtahanlar iyulun 12-də, ikinci ixtisas qrupu üzrə imtahanlar iyulun 24-də, dördüncü ixtisas qrupu üzrə imtahanlar isə iyulun 18-də keçiriləcək.
Azərbaycanın ali və orta ixtisas təhsil müəssələrinə qəbul imtahanlarında iştirak etmək üçün 114 274 abituriyent "elektron ərizə"sini təsdiqlədib. Onlardan 55 844-ü oğlan, 58 390 nəfəri isə qızdır. 102 221 nəfər Azərbaycan bölməsi, 12 063 nəfər isə rus bölməsi üzrə sənəd verib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]