...

Azərbaycanda Gürcüstan vətəndaşlarından qanunsuz dini ədəbiyyat müsadirə edilib

Cəmiyyət Materials 17 İyul 2009 15:19 (UTC +04:00)
Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları Gürcüstan vətəndaşlarından qanunsuz dini ədəbiyyat müsadirə ediblər.
Azərbaycanda Gürcüstan vətəndaşlarından qanunsuz dini ədəbiyyat müsadirə edilib

Azərbaycan, Bakı,17 iyul / Trend , müxbir K. Zərbalıyeva /

Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları Gürcüstan vətəndaşlarından qanunsuz dini ədəbiyyat müsadirə ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, Qax rayon polis şöbəsinin və Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 15-də Qax rayonu Hacı Zeynalabdin Tağıyev küçəsində yaşayan Gürcüstan vətəndaşları Xutsişvili Elquiya Mixoyeviç və onun qardaşı Qivinin yaşadıqları evdən "Yahova şahidləri" dini təriqətini təbliğ edən 3 ədəd videokaset, müxtəlif dillərdə çap edilmiş, qanunla qadağan olunmuş 1428 ədəd jurnal və broşuralar aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.
Trend -un arayışı: Azərbaycanda 2008-ci ildə dini dözümsüzlüyü və ayrı-seçkiliyi təbliğ edən 59 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, əvvəlki illərin statistikasının təhlili son vaxtlar ölkəyə zərərli dini ədəbiyyatın idxalının və yayılmasının azaldığını göstərir. Bu faktı Komitədə ekspertizadan keçirilən dini kitabların arasındakı zərərli dini ədəbiyyatın sayı da təsdiqləyir.
Ötən il 102 dini icma dövlət qeydiyyatından keçib və beləliklə ölkədə fəaliyyət göstərən dini qurumların sayı 533-ə çatıb.
2008-ci ildə qeydiyyata alınan dini icmaların 101-i islam, biri isə qeyri-islam təmayüllü Sumqayıt şəhərində fəaliyyət göstərən "Kübar" yəhudilər dini icmasıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti