...

İranda həbs olunan azərbaycanlı alimin işi ilə bağlı Milli Məclis deputatlarına müraciət edilib

Cəmiyyət Materials 7 Dekabr 2009 14:59 (UTC +04:00)
Komitə rəhbərinin sözlərinə görə, İran tərəfi bu günədək alimin həbsinin səbəbləri barədə Azərbaycan tərəfə rəsmi cavab verməyib.
İranda həbs olunan azərbaycanlı alimin işi ilə bağlı Milli Məclis deputatlarına müraciət edilib

Azərbaycan, Bakı, 7 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

İranda həbs olunan azərbaycanlı alimin işi ilə bağlı bu ölkənin parlamentinə rəsmi müarciət olunması üçün Milli Məclisin deputatlarına müraciət edilib. Bu haqda Trend -a Rəşid Əliyevin hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Soltanhəmid Məlikov bildirib.

Komitə rəhbərinin sözlərinə görə, İran tərəfi bu günədək alimin həbsinin səbəbləri barədə Azərbaycan tərəfə rəsmi cavab verməyib.

Trend -un arayışı: Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun Bioloji sistemlər fizikası laboratoriyasının aparıcı fizik-mühəndisi Rəşid Əliyev İranın "Sazan Elektronics İndustry company" şirkətinin dəvəti və BDU-nun razılığı əsasında başlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində 2006-2008-ci illərdə həmin şirkətdə çalışıb. Şirkətin rəhbərliyi azərbaycanlı alimə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif etsə də, bu təklifləri qəbul etməyib və respublikaya qayıdıb. Şirkətin direktoru Eftexarinin təkidli xahişindən sonra Əliyev sonuncu dəfə ötən il oktyabrın 5-də qısa müddətə İrana qayıdıb. Oktyabrın 6-da isə onu viza problemini bəhanə gətirərək həbs ediblər.

İranın "Sazan Elektronics İndustry company" şirkətinin rəhbəri Abbas Eftexari daha öncə Trend -a bildirib ki, Əliyevin həbsinin həmin şirkətlə Bakı Dövlət Universiteti arasında bağlanmış müqavilə ilə heç bir əlaqəsi yoxdur.

Azərbaycan Ədliyyə Nazirliyi İranda həbs edilən azərbaycanlı lazer mütəxəssisinin işi ilə bağlı bu ölkənin müvafiq qurumuna sorğu göndərib.

Müdafiə komitəsinin rəhbəri bildirib ki, Əliyevlə bir neçə gün öncə telefonla danışıb. Alim fiziki durumundan şikayət etməyib.

"Rəşid müəllim mənə dedi ki, Azərbaycanın İrandakı keçmiş səfiri Abasəli Həsənov da onunla görüşüb. Amma görüş barədə ətraflı məlumat əldə edə bilməmişik", - deyə Məlikov bildirib.

Əliyev hazırda Evin həbsxanasında beşinci korpusda saxlanılır.

Əliyev 38 yaşında BDU-da elmi fəaliyyətini müvəqqəti dayandıraraq könüllü hərbi xidmətə gedib. 1999-cu ilədək N saylı xüsusi təyinatlı hissədə rabitə sistemi qurub, xüsusi təyinatlı lazer texnikasının hərbi hissədə sınaqlarının təşkili və keçirilməsində yaxından iştirak edib.

Sərhəd Qoşunlarının "Keşikçi gəmisi", Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Tədqiqat gəmisi", "Balıq mühafizə gəmisi"nin əsaslı təmirinə cəlb olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti