...

"Azəriqaz"ın mənimsəmədə günahlandırılan vəzifəli şəxslərinə hökm oxunub

Cəmiyyət Materials 7 Dekabr 2009 17:36 (UTC +04:00)
Ağcabədi rayon məhkəməsindən Trend News-a verilən məlumata görə, "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin Ağcabədi Qaz İstismar İdarəsinin rəisi Elman Gülmalıyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İdarənin əməkdaşı Oktay Həsənov isə 500 manat cərimələnib.
"Azəriqaz"ın mənimsəmədə günahlandırılan vəzifəli şəxslərinə hökm oxunub

Azərbaycan, Bakı, 07 dekabr / Trend , müxbir H.Bağırov/

Mənimsəmə və israf etməkdə ittiham olunan "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinə hökm oxunub.

Ağcabədi rayon məhkəməsindən Trend -a verilən məlumata görə, "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin Ağcabədi Qaz İstismar İdarəsinin rəisi Elman Gülmalıyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İdarənin əməkdaşı Oktay Həsənov isə 500 manat cərimələnib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin mənimsəmə və israf etmə (179.2.3), vəzifə səlahiyyətlərindən sui-istifadə etmə (308.1), vəzifə səlahiyyətlərini aşma (309.1), vəzifə saxtakarlığı (313) maddələri ilə ittiham olunublar.

"Azəriqaz" QSC sonradan ARDNŞ-yə verilərək "Azəriqaz" İstehsalat Birliyi kimi yenidən qurulub.

"Azəriqaz" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Ağcabədi Qaz İstismar İdarəsinin maliyyə-təsərrüfat fəaliyyətinin audit yoxlanması nəticəsində aşkar edilən qaz sayğaclarının çatışmazlığı, abonentlərə artıq sərfiyyatın yazılması, real rəqəmlərin faktiki sayğac göstəricilərindən artıq olması, layihə-smeta sənədləri olmadan rayon ərazisində yerləşən bir sıra müəsisələrdə sayğaclar quraşdırılaraq onların təbii qazla qanunsuz təmin olunması faktları üzrə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlayıb.

İstintaq zamanı müəyyən edilib ki, Ağcabədi Qaz İstismar İdarəsinin rəisi Gülmalıyev və Həsənov vəzifəli şəxs olmaqla ona etibar edilmiş özgəyə məxsus pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamış, xidməti səlahiyyətlərinin hüdudlarından aşkar surətdə kənara çıxan hərəkətlər etməklə dövlət orqanının qanunla qorunan mənafelərinə mühüm ziyan vurmuşdur.

Gülmalıyev qeyd edilən vəzifədə işlədiyi müddət ərzində 32 nəfər yeni abonentdən 2007-ci ildə evlərinə məişət qaz sayğaclarının quraşdırılmasına görə idarənin hesabına mədaxil etmək üçün qəbul etdiyi pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə mənimsəyib.

Həmçinin 2008-ci ildə yeni abonentlərə məişət qaz sayğaclarını onların öz vəsaiti ilə alınaraq quraşdırmalı olduğu halda, idarənin vəsaiti hesabına 39 ədəd məişət qaz sayğacı alınması barədə qanunsuz göstəriş verməklə idarənin hesabından nağd şəkildə pul vəsaiti çıxararaq mənimsəyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti