Azərbaycan, Bakı, 07 dekabr / Trend , müxbir M. Əliyev/
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycan hökumətinin yeni nəsil tibb işçilərinin hazırlanması üçün istifadə olunacaq ailə planlaşdırılması üzrə təlim proqramının təkmilləşdirilməsinə dəstək verəcək. Bu barədə Trend -a ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildiriblər.
Əməkdaşlıq məsələləri bazar ertəsi USAID tərəfindən maliyyələşdirilən Azərbaycan reproduktiv sağlamlıq və ailə planlaşdırılması Layihəsi üzrə "Diplomaqədər və Diplomdansonrakı təhsildə Ailə Planlaşdırılmasının tədrisinin gücləndirilməsi" mövzusunda Texniki Məsləhət Müşavirəsi zamanı müzakirə olunub.
"Dünyada aparılan tədqiqatlar göstərir ki, xidmət standartlarının yaxşılaşdırılması tibb müəssisələrinə daha çox müştəri cəlb edir, adambaşına düşən səhiyyə xərclərini azaldır və əhalinin ümumi sağlamlıq vəziyyətinin yaxşılaşmasında əks olunur", - USAID-in ölkə üzrə koordinatoru Skot Teylor bildirib.
Müşavirədə Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Sənan Kərimov, Səhiyyə Nazirliyinin Tibbi Xidmətin Təşkili Şöbəsinin müdiri Soltan Əliyev, Reproduktiv Sağlamlıq üzrə Milli Ofisin direktoru Faizə Əliyeva, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov da daxil olmaqla, Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması sahəsində çalışan qurumları təmsil edən 60-dan çox nümayəndə iştirak edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]