...

Tələbələr günündə Tehranda həbs olunmuş şəxslərdən 86 nəfər azadlığa buraxılıb

Cəmiyyət Materials 9 Dekabr 2009 12:35 (UTC +04:00)
İranın paytaxtı Tehranda dekabrın 7-i Tələbələr günündə icazəsiz toplantı və nümayişlərdə həbs olunmuş 208 nəfərdən 86 nəfəri azadlığa buraxılıb.
Tələbələr günündə Tehranda həbs olunmuş şəxslərdən 86 nəfər azadlığa buraxılıb

İranın paytaxtı Tehranda dekabrın 7-i Tələbələr günündə icazəsiz toplantı və nümayişlərdə həbs olunmuş 208 nəfərdən 86 nəfəri azadlığa buraxılıb. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.

"Həmin şəxslər icazəsiz nümayişlərdə iştirak etmələrindən peşiman olduqlarını etiraf ediblər və hakim onların azadlığa buraxılması barədə qərar verib", - Tehran Məhkəməsinin yaydığı məlumtda bildirilir.

Məlumatda həmçinin ABŞ-ın Tehrandakı səfirliyinin tələbələr tərəfindən ələ keçirilməsi və dünya imperializmi ilə milli mübarizə günündə həbs olunmuş üç nəfərin azadlığa buarxıldığı da bildirilir.

Dekabrın 8-də Tehran Polis komandiri Əzizullah Rəcəbzadə Tələbələr günündə icazəsiz toplantı və nümayişlərdə iştirak etmiş 169 kişi və 39 qadının həbs olunduğunu bildirmişdi.

Trend -un arayışı: 1953-cü ildə ABŞ-ın İrandakı dövlət çevrilişindən (Baş nazir Məhəmməd Müsəddiqin hakimiyyətinin devrilməsi) 5 ay sonra Tehran Universitetinin tələbələri milli hakimiyyəti (Müsəddiq hökuməti) dəstəkləmək məqsədilə geniş şəkildə etiraz aksiyaları keçirdilər. 1953-cü il dekabrın 8-də (İran tarixi ilə azər ayının 16-sı) hakimiyyətdə olan baş nazir Fəzlullah Zahidi hökumətinin hərbçiləri universitetə daxil olaraq tələbələrə atəş açdılar. Həmin hadisələrdə üç tələbə həlak oldu. Həmin ildən etibarən iranlı tələbələr bu günü Tələbələr günü kimi qeyd edirlər.

Xəbər lenti

Xəbər lenti