...

Avropa Parlamentinin üzvü Avropanı Dağlıq Qarabağ probleminin nizamlanmasında daha fəal iştirak etməyə çağırır

Cəmiyyət Materials 14 Dekabr 2009 17:06 (UTC +04:00)
Avropa Parlamentinin üzvü Eduard Litter Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini pisləyir və Avropanı Dağlıq Qarabağ probleminin nizamlanmasında daha fəal iştirak etməyə çağırır.
Avropa Parlamentinin üzvü Avropanı Dağlıq Qarabağ probleminin nizamlanmasında daha fəal iştirak etməyə çağırır

Azərbaycan, Bakı, 14 dekabr / Trend , müxbir M.Əliyev/

Avropa Parlamentinin üzvü Eduard Litter Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini pisləyir və Avropanı Dağlıq Qarabağ probleminin nizamlanmasında daha fəal iştirak etməyə çağırır. Litter Berlində "Həqiqət barışığa doğru yol kimi - Cənubi Qafqazda unudulmuş qurbanlar, yəhudilər və azərbaycanlılar" konfransında çıxış edib. Bu barədə İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun mətbuat xidmətindən bazar ertəsi Trend -a bildirilib.

Berlində keçirilən üçgünlük konfrans 10 dekabr - Beynəlxalq insan hüquqları gününə həsr edilib. Konfrans iştirakçılarına "Xocalı - unudulmuş faciə" məruzəsi, həmçinin "Xocalıya ədalət" kampaniyasının ilk dəfə olaraq alman dilinə tərcümə edilmiş elektron diskinin nümayişi təqdim edilib.

Almaniya-Azərbaycan münasibətlərinin inkişafı Mərkəzində keçirilən konfransda Podstam Universitetinin professoru Vilfrid Furman, Avropa-Azərbaycan Cəmiyyətinin direktoru Şahin Neməti Nasab, Bonn və Berlin universitetlərinin professoru Yeva Mariya Aux öz çıxışlarında Azərbaycan ərazilərində qədimdən bəri təhlükəsiz yaşayan yəhudilərin tarixi barədə danışıblar. Tədbirdə AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva iştirakçıları professor Rövşən Mustafayevin ilk dəfə olaraq alman dilinə tərcumə edilmiş "Ölüm marşı" kitabı ilə tanış edib.

"Xocalıya ədalət" beynəlxalq kampaniyası 2008-ci il mayın 8-də İKT Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyeva tərəfindən dialoq və əməkdaşlıq məqsədilə təsis edilib. Bu kampaniya Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına, həmçinin bu qanlı hadisəyə dünya ictimaiyyəti tərəfindən siyasi, hüquqi və mənəvi qiymətin verilməsinə istiqamətlənib.

Xəbər lenti

Xəbər lenti