...

Azərbaycanda ali məktəblərə qanunsuz tələbə qəbulunda ittiham olunanların kassasiya şikayəti təmin olunub

Cəmiyyət Materials 14 Dekabr 2009 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanda ali məktəblərə qanunsuz tələbə qəbulunda ittiham olunanların kassasiya şikayəti təmin olunub.

Trend -un məlumatına görə, bazar ertəsi Ali MəhkəməBeynəlxalq Unversitetə (ABU) və digər ali məktəblərə qanunsuz yolla tələbə qəbulu etdirməkdə ittiham olunan şəxslərin kassasiya şikayətinə baxılıb.

Ali Məhkəmədə keçirilən prosesdə təqsirləndirilən şəxslərin şikayətlərinə yenidən baxılması qərarı qəbul edilib. Məhkəmə qərarı ilə cinayət işi yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Müşfiq Muradov 4 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Bənövşə Hacıyeva isə 3 il şərti cəza alaraq, məhkəmə zalından azadlığa buraxılıb. Təqsirləndirilən şəxslərin apelyasiya şikayətinə baxılıb və məhkəmənin qərarı ilə Muradovun cəzası 2 il 6 aya endirilib.

Təqsirləndirilən şəxslər 2005-ci ildə bir qrup şəxslə cinayət əlaqəsinə girərək, ABU-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından kənar tələbələr götürülməsinə başlayıblar. Onlar əvvəlcə tələbələri Dağıstanda olan universitetlərdən birinə qəbul etdirməyi, sonra isə onların ABU-ya köçürüləcəyini vəd ediblər. Təqsirləndirilən şəxslər 2005-2007-ci illər ərzində 100-dən çox vətəndaşı aldadaraq pullarını mənimsəyiblər. Zərərçəkmişlərin şikayətindən sonra təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulublar.

Binəqədi rayon Polis İdarəsinin keçmiş əməliyyat müvəkkili Müşfiq Muradovun və ABU-nun rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin katibəsi olmuş Bənövşə Hacıyeva Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərəfindən dələduzluq etmək) maddəsi ilə ittiham olunublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti