...

Azərbaycanın Mətbuat Şurası "Euronews" telekanalının qərəzli reportajına etiraz edir

Cəmiyyət Materials 14 Dekabr 2009 17:36 (UTC +04:00)
Azərbaycanın Mətbuat Şurası "Euronews" telekanalında Dağlıq Qarabağla bağlı yayımlanmış qərəzli reportaja etiraz əlaməti olaraq bəyanat yayıb.
Azərbaycanın Mətbuat Şurası "Euronews" telekanalının qərəzli reportajına etiraz edir

Azərbaycan, Bakı, 14 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın Mətbuat Şurası "Euronews" telekanalında Dağlıq Qarabağla bağlı yayımlanmış qərəzli reportaja etiraz əlaməti olaraq bəyanat yayıb.

"Telekanal əməkdaşlarının Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa səfəri və hazırladıqları reportajda nəinki qeyri-obyektivliyə, qərəzə və birtərəfli məhsul təqdimatına yol verilib, eyni zamanda, aşkar siyasi mövqe nümayiş etdirilib ki, bu da sivil media standartları ilə qətiyyən uzlaşmır", - Trend -un məlumatına görə, bazar ertəsi Mətbuat Şurasının qəbul etdiyi bəyanatda bildirilir.

Trend -un arayışı: Noyabrın 28-də "Euronews" telekanalında Mikael Rayhmanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərəzli və birtərəfli mövqedən "Dağlıq Qarbağ - dəyişikliklər küləyi" adlı reportajı yayımlanıb.

Cənubi Qafqaz ölkələri arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddialarına görə yaranıb. Dağlıq Qarabağ və ona bitişik olan 7 rayon - Azərbaycan ərazisinin 20 faizi - Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər atəşkəs əldə ediblər və indiyənədək ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, FransaABŞ-ın həmsədrliyi ilə hələdə  səmərəsiz sülh danışıqları aparılır.

Sənəddə qeyd edilir ki, belə bir reportajın telekanalda günlərlə yayımlanması səfər təşkilatçısı olan Ermənistanın Avropalı Dostları (EuFoA) adlı qurumun və deməli, Ermənistanın məramına xidmət təsiri bağışlayır. "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarının intensiv məcraya qədəm qoyduğu indiki həssas şəraitdə oxşar mənfi meyillərin bəzi ölkələrin mediasında yer almasını sülh prosesinin əngəllənməsinə yönəlmiş məkrli kampaniya kimi dəyərləndirmək də mümkündür. İstəməzdik ki, dünyamiqyaslı media qurumlarından sayılan "Euronews"un belə kampaniyalarda iştirakını ehtiva edən şübhələr yaransın", - bəyanatda bildirilir.

Şura ümid edir ki, "Euronews" öz standartlarının pozulmasına, onun haqqında mənfi rəy formalaşmasına biganə qalmayacaq. "Biz, telekanalın xəbərlər departamentinin rəhbəri Piter Barabasın bu günlərdə mətbuata açıqlamasına inanaraq ümid edirik ki, "Euronews" məsələ ilə əlaqədar Azərbaycan ictimaiyyətinin mövqeyini öz auditoriyasına çatdıracaq", - bəyanatda vurğulanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti