...

Azərbaycanda humanitar yardım adı ilə fəaliyyət göstərən şirkətin rəhbəri dələduzluqda ittiham olunur

Cəmiyyət Materials 16 Dekabr 2009 16:15 (UTC +04:00)
Trend News-un məlumatına görə, çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "Qalaktika Kosmos" MMC-nin rəhbəri Rusiya vətəndaşı Sevda Mustafayeva və şirkətin əməkdaşı Anar Eyvazovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanda humanitar yardım adı altında fəaliyyət göstərən şirkətin rəhbəri və əməkdaşı dələduzluqda ittiham olunur.

Trend -un məlumatına görə, çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "Qalaktika Kosmos" MMC-nin rəhbəri Rusiya vətəndaşı Sevda Mustafayeva və şirkətin əməkdaşı Anar Eyvazovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə baxışı dekabrın 22-nə təyin edilib.

2008-ci il noyabr ayında bir neçə vətəndaş Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə ərizə ilə müraciət edərək, "Qalaktika Kosmos" MMC-nin rəhbərliyi tərəfindən aldandıqlarını bildirib.

Araşdırmalar nəticəsində məlum olub ki, şikayətçilər "Qalaktika Kosmos" MMC-nin regionlardakı filial rəhbərləridir.

Mustafayeva əvvəllər Səbail rayon məhkəməsinin 12 sentyabr 2007-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin dələduzluq (178.2.4) maddəsi ilə təqsirli bilinərək cərimə olunmuşdu.

O, 7 mart 2008-ci il tarixdə "Qalaktika Kosmos" MMC-ni yaradıb. 14 mart 2008-ci il tarixdə şirkəti Vergilər Nazirliyində dövlət qeydiyyatından keçirib. Mustafayeva şirkətin xeyriyyə təşkilatı olduğunu, əlillərə, qaçqınlara, məcburi köçkünlərə, kimsəsizlərə, uşaq evlərinə yardım göstərəcəyini bildirib. AlmaniyaNorveç səfirliklərindən maddi yardım alacağını və eləcə də guya qohumu Ruslan Xəlilovun rəhbərlik etdiyi "Continental" bankdan maddi yardım göstərəcəyini bildirməklə vətəndaşları inandırıb və onları aldadaraq pullarını ələ keçirib.

Mustafayeva MMC-yə yüksək əməkhaqqı ilə müxtəlif vəzifələrə təyin edəcəyi barədə vətəndaşlara vəd verib və onlardan şirkətin fondunu yaratmaq adı ilə 1 milyon manat pul alıb. Vətəndaşların bir hissəsi MMC-də vəd olunan vəzifələrdə bir neçə ay işləyərək, əməkhaqqı adı ilə müxtəlif məbləğlərdə pul alsalar da, digər qisminin ümumiyyətlə şirkətdə işləmədiyi və uzun müddət əməkhaqqı almadığı məlum olub.

İstintaq zamanı şirkətin fəaliyyət müddətində Lənkəranda, Gəncədə, Qubada, Sumqayıtda, Ağcabədidə, Şamaxıda, Abşeronda, Bakının Əzizbəyov rayonunda və s. filialların açıldığı, Qobustanda, Şirvanda və başqa 20-dək şəhərlərdə isə açılmasının nəzərdə tutulduğu məlum olub.

Mustafayeva bu il aprelin 29-da Yasamal RPİ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub, onun ifadəsi əsasında Eyvazov da saxlanılıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən, külli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətmək (178.3.1, 178.3.2) maddələri ilə ittiham olunurlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti