...

Prokurorluq Azərbaycanda yaşayış evində baş vermiş partlayışda təqsirləndirilən şəxslərin cəzasının ağırlaşdırılmasını istəyir

Cəmiyyət Materials 22 Dekabr 2009 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanda yaşayış binasında baş vermiş partlayışda təqsirli bilinən şəxslərin apelyasiya şikayətinə baxılıb.

Trend -un məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 34 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışda təqsirləndirilən şəxslər Elman Niftəliyev və Rəşad Şıxməmmədovun apelyasiya şikayəti və protesti üzrə ilkin məhkəmə baxışı keçirilib.

Məhkəmə baxışı dekabrın 24-nə təyin edilib.

Nizami rayon prokurorluğu Niftəliyevin 8 il, Şıxməmmədovun 5 il azadlıqdan məhrum edilməsini istəyir. Təqsirləndirilən şəxslər isə barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Nizami rayon məhkəməsi Niftəliyevi 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması, Şıxməmmədova isə 1 il şərti cəza təyin edib.

13 dekabr 2008-ci il tarixində Nizami rayonu, Naxçıvanski küçəsi 34 ünvanındakı yaşayış binasında baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb, 5 nəfər isə ağır yaralanıb. Partlayışa qaz sızması səbəb olub.

Hadisədən dərhal sonra sözügedən binada kirayədə qalan şəxslər - Niftəliyev və Şıxməmmədov məsuliyyətə cəlb edilib.

Niftəliyev Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma (124.2), ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma (131.1), əmlakı ehtiyatsızlıqdan məhv etmə (187.3), Rəşad Şıxməmmədov isə CM-in səhlənkarlıq nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma (314.2) maddələrilə ittiham olunur.

Xəbər lenti

Xəbər lenti