...

Azərbaycanlı deputatın "Nobel mükafatlı qadınlar" kitabının təqdimat mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 23 Dekabr 2009 22:24 (UTC +04:00)
Bakı Nobel İrsi Fondunda millət vəkili Qənirə Paşayevanın bu gün "Nobel mükafatlı qadınlar" kitabının təqdimat mərasimi keçirilib.
Azərbaycanlı deputatın "Nobel mükafatlı qadınlar" kitabının təqdimat mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Bakı Nobel İrsi Fondunda millət vəkili Qənirə Paşayevanın bu gün "Nobel mükafatlı qadınlar" kitabının təqdimat mərasimi keçirilib.

"Nobel mükafatlı qadınlar" kitabında 1903-2009-cu illər arasında Nobel mükafatına layiq görülmüş 35 qadın laureatın ömür yolu, elmi fəaliyyəti və yaradıcılığı haqqında portret-oçerklər toplanıb. Nobel Ailə Cəmiyyəti İdarə Heyətinin üzvü, Nobel Xeyriyyə Fondunun həmtəsisçisi və qəyyumu Qustaf Nobel kitabın ön sözündə Paşayevanın apardığı gərgin tarixi tədqiqatların nəticəsi olaraq ərsəyə gəlmiş kitabı təqdirəlayiq ensklopedik mənbə kimi qiymətləndirib. Onun fikrincə, bu kitab Nobel mükafatına layiq görülən qadınların tərənnümü üçün böyük töhfədir.

Trend -un məlumatına görə, tədbirin aparıcısı, kitabın redaktoru, tanınmış jurnalist Flora Xəlilzadə bildirib ki, Paşayeva bu günə qədər bir neçə kitabın müəllifi olub. Bu sahə ilə bağlı isə bu onun ilk kitabıdır. O, kitabın nəfis şəkildə tərtib olunduğunu vurğulayıb.

Bakı Nobel İrsi Fondunun sədri, kitabın məsləhətçisi Toğrul Bağırov çıxışında bildirib ki, kitab Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına və daha da möhkəmlənməsinə səbəb olacaq.

"Bu kitab Azərbaycan ictimaiyyəti üçün əhəmiyyətli əsər olacaq", - Bağırov əlavə edib.

O, rəhbərlik etdiyi fondun kitabın nəşrinə dəstək verdiyini deyib. Bağırov Nobel Ailə Cəmiyyəti İdarə Heyətinin üzvü, Nobel Xeyriyyə Fondunun həmtəsisçisi və qəyyumu, kitabın ön sözünün müəllifi Qustaf Nobelin nəşrin işıq üzü görməsi münasibətilə Paşayevaya təbrik məktubu ünvanladığını da bildirib.

Milli Məclisin sədr müavini Bahar Muradova isə nitqində elm, ədəbiyyat və digər sahələrdə xüsusi xidmətləri olan və uğur qazanan belə qadınların üzə çıxarılması və oxuculara təqdim olunması sahəsində Qənirə xanım Paşayevanın böyük iş gördüyünü bildirib.

"Kitab böyük nailiyyətlər əldə etmək istəyən qadınlara yol göstərəcək. Buna inanıram. İşimizi elə qurmalıyıq ki, dünya elminə töhfəsini verən qadınlarımızın sayı artsın", - vitse-spiker əlavə edib.

Ombudsman Elmira Süleymanova da kitabın nəşrinin əhəmiyyətindən və Azərbaycan oxucusu üçün vacibliyindən danışıb. Onun sözlərinə görə, Paşayeva həmişə fəaliyyətdə olub, buna görə də nailiyyətlərə imza atır. Bu nailiyyətlərdən biri də kitabın işıq üzü görməsidir.

Azərbaycan Dövlət Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı Səməd Seyidov Paşayevanın ictimai aktivliyi, mübarizliyi ilə seçilən şəxs olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel Paşayevanın sülhpərvər fəaliyyətini yüksək qiymətləndirdiyini söyləyib.

Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, Azərbaycanın sayıb-seçilən insanlarını tapıb, onları oxuculara tanıtması Qənirə Paşayevanın böyük uğurudur.

Sonda çıxış edən Qənirə Paşayeva deyib ki, bu kitabı anasına - öz müəllimlik fəaliyyəti dövründə çox sayda kimyaçı yetişdirmiş Tehran Nağıyevaya ithaf edib.

"Hələ çox kiçik yaşlarımdan məhz anamım Nobel mükafatı almış qadınlar haqqında danışdığı maraqlı hekayələrdən onları tanımışdım. Anam kimya elmini mənə məhz Mariya və İren Küri adlı ana-bala hekayəsi ilə sevdirmişdi. Onun Nobel mükafatı almış qadınlar haqqında hekayətlərinin ana xəttini "bütün uğurlar böyük zəhmət, əziyyət bahasına, bəzən sağlamlığını, həyatını qurban vermək bahasına başa gəlir" fikri təşkil edirdi", - Paşayeva deyib.

Paşayeva həyatı boyu iki qadına borclu olduğunu deyib.

"Biri anamdır, biri də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır. Əgər mən bu gün Azərbaycanın ictimai-siyasi həyatında varamsa, Mehriban xanım Əliyevaya borcluyam. Bu səviyyədə olmağımda Heydər Əliyevin də rolu əvəzsiz olub", - Paşayeva çıxışında deyib.

Kitabın məsləhətçisi Bakı Nobel İrsi Fondunun prezidenti Toğrul Bağırov, redaktorları Pərvanə Məmmədli və Flora Xəlilzadədir.

Xəbər lenti

Xəbər lenti